Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
Hadisə
165
20:50, Bu gün

Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 5-də davam etdirilib.

Moderator.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvarında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona "AKS-74" avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya istehsalı olan "T-55", "T-72" tipli ağır döyüş tankları, "BMP-1", "BMP-2" markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxs - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.

2020-ci il sentyabrın 20-də "Xankəndi şəhəri hərbi komissarlığı tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni, sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş "3-cü müdafiə xətti"ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Həmin batalyonun adı "Alaşa" olub.

L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. O vaxtdan "Artsakhbank" (Ermənistan bankıdır - red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni, 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim təqsirləndirilən şəxslərin hamısının - 15 nəfərin ibtidai istintaqa ifadələrinin elan olunmasının başa çatdığını bildirib.

O, təqsirləndirilən şəxslərə ibtidai istintaq və məhkəmə istintaqında verdikləri ifadələrində ziddiyyətlərin olub-olmadığı, elan edilən ifadələrlə razılaşıb-razılaşmamaları barədə sualların ünvanlanacağını deyib.

Təqsirləndirilən Levon Balayan, Melikset Paşayan, Qurqen Stepanyan kiçik istisnalarla ibtidai istintaqdakı ifadələrini təsdiqlədiklərini deyiblər.

Təqsirləndirilən Madat Babayan və Qarik Martirosyan ibtidai istintaq zamanı verdikləri ifadələri tam təsdiqləyiblər.

Qurqen Stepanyan, Davit Allahverdiyan, həmçinin Erik Qazaryan və Vasili Beqlaryan məhkəmə istintaqı zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər.

Davit Manukyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyan da onun ibtidai istintaqda deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Levon Mnatsakanyan elan olunan ifadəsinin müəyyən hissələri ilə razılaşmadığını qeyd edib.

Təqsirləndirilənlər Bako Saakyan və Arayik Arutyunyan da məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əsas götürülməsini hakimlər kollegiyasından xahiş ediblər.

Təqsirləndirilən David Babayan müdafiəçisi ilə konfidensial görüş keçirdikdən sonra elan olunmuş və ibtidai istintaqda verdiyi ifadəsinə növbəti məhkəmə prosesində münasibət bildirməyə şərait yaradılmasını xahiş edib.

Məhkəmə iclasına sədrlik edən hakim təqsirləndirilən şəxsin vəsatətini nəzərə alaraq, növbəti prosesdə ifadəsinə münasibət bildirmək üçün ona imkan yaradılacağını bildirib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər