Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.
Moderator.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə, Zərdab rayonunda yerləşən şadlıq sarayında erkən evlilik halının baş verməsi barədə Komitəyə məlumat daxil olub.
"İnformasiya dərhal aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olunduğu izah edilib. Toy məclisinin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib və cərimə olunub", - T.Mərdanoğlu qeyd edib.