Keçmiş "Elm və Təfəkkür" Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.
"Təfəkkür" Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.
2016-cı ilin oktyabr ayında "Təfəkkür" Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə qərar qəbul edib.
Qeyd edək ki, "Təfəkkür" Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət universitetin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
M.Atakişiyev 2016-cı ildə "Təfəkkür" Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.
Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.