Bizi sosial şəbəkələrdən izləyin:
Həsən Kür əməliyyat olunub.
“Xəstə Həsən Zeynallının (Kür) sol ayağı əməliyyat olunub. O hazırda reanimasiya şöbəsindədir”.
Moderator.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Həsən Kürün əməliyyatı necə keçib?
Həkim bildirib ki, Həsən Kürün əməliyyatı ağır keçib: “Əməliyyat zamanı xəstə çox qan itirdi. Təqribən, 5 saat davam edən proses ağır olsa da, əməliyyat uğurla yekunlaşdı, hazırda vəziyyəti stabildir. Hələ ki, müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.
Həsən Kürün sağlamlıq vəziyyəti
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Son məlumata əsasən, əməliyyat olunan gənc şair reaninmasiyadadır.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.