"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev tanışını aldadaraq 10 milyon dollarını (17 milyon manat) ələ keçirib.
Bildirilib ki, təqsirləndirilən İlqar Hacıyev barəsində Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş təqdim olunub.
Bildirişdə qeyd edilib ki, cinayət prosesini həyata keçirən orqan Azərbaycan Baş Prokurorluğunun İstintaq Baş İdarəsidir.
Çağırış vərəqəsi verilməli olan şəxs isə 3 iyul 1973-cü il təvəllüdlü İlqar Allaz oğlu Hacıyevdir.
İlqar Hacıyevə izah olunur ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 14 iyul 2025-ci ildə, 12.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğunun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
İttihamın mahiyyətinə gəlincə, 191900199 saylı cinayət işi üzrə İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci ilin dekabrın 25-də qərar qəbul edilib.
Həmin qərara əsasən, "Akkord"un keçmiş sahibi şəxsiyyəti istintaqa məlum olan tanışının etibarından sui-istifadə edərək onuy aldadıb.
İlqar Hacıyev Rusiyanın moskva vilayətinin Mıtişinski rayonunun Prokovka kəndində və Adinskov rayonunun Novişarvin kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10 milyon ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18 milyon ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə tanışını aldadıb.
2016-cı ilin fevral ayından həmin ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava limanının qarşısında həmin dövrün rəsmi məzənnəsinə əsasən 17 milyon manat təşkil edən 10 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlaklarını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25 dekabr 2020-ci il tarixli qərarla barəsində rəsmi axtarış elan edilib, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlqar Hacıyevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.
"Akkord"un keçmiş sahibinə qiyabı icraatın açıla biləcəyi və ya qiyabi hökmün, məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq da edilib.
Cinayət Prosessual Məcəlləsinin 54-2.1.7 və 467-13.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxs İlqar Hacıyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabı icraat açıla bilər, barəsində qiyabı hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. (Teleqraf.com)