Rusiya AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Hadisə
653
12:30, Bu gün

Rusiya AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib

Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.

Bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib. 

"Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti "AlfaSığorta"da sığortalanmışdı. Riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"nə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta ödənişi fevralda həyata keçirilib", - o qeyd edib.

Bununla belə, baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb.

İ.Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsini səbəbini də izah edib.

"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır", - o qeyd edib.

Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, İ.Kabaçnik deyib: "Yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və biz bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər