Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhlkum etmə) maddəsi tətbiq olunub. Onların hər birinə 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Qeyd edək ki, Hərbi Prokurorluğun ötən ilin iyulunda yaydığı məlumatda təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəm və ya israf etmə) və 32.5, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Amma sonradan təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyan tam ödənildiyi üçün onların əməli Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə tövsif edilib.
Bakı Hərbi Məhkəməsi qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə Şahin Əbülfəz oğlu Cəfərov zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Rəhim Laçınov daha əvvəl Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin işinə şahid kimi cəlb edilib. O, sonuncu ifadəsində nazirliyin bütün təmir-bərpa işlərinin müqavilə bağlanan şirkətlər tərəfindən görüldüyünü bildirmişdi: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.
2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.
Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.