Bizi sosial şəbəkələrdən izləyin:
“Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində maşinist işləmiş Aydın Həsənov bir neçə nəfərə qarşı dələduzluq etdiyi üçün 3 il həbsxana həyatı yaşamalı olacaq.
Aydın Həsənov öz tanışlarına qarşı dələduzluq edərək onlara xeyli miqdarda ziyan vurub.
A.Həsənov tanışı Novruz Şahpələngova oğlu Orxanı işə düzəldəcəyini deyib. Ondan aldığı 5 min manatı başqa adamlara olan borclarına sərf edib. Onların tanışlığı isə maşın sexində olub. Novruz Şahpələngov maşın ustası olub və Həsənovun maşınını düzəldirmiş. Söhbət zamanı Şahpələngov oğluna iş axtardığını deyib. Aydın Həsənov da bunu fürsət bilib.
Maşınını ələ keçirdiyi şəxs isə Orxanın tanışı Tural olub. Turalın işə düzəlmək üçün Həsənova verməyə nağd pulu olmayıb. Buna görə də maşınını Aydın Həsənovun arvadının adına keçirib. Maşını 7 minə satıb 2 minini geri qaytarmalı olan A.Həsənov buna da əməl etməyib. Maşını 3 min manata sataraq pulu öz ehtiyaclarına xərcləyib. Həsənov işə düzəldəcəyi adamlara aylıq 1800 manat maaş vəd edirmiş.
Asif adlı şəxsdən aldığı 6 min manatı da borclarını qaytarmağa sərf edən Aydın Həsənov əməllərindən peşman olduğunu söyləyib. Himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə dindirilən zərərçəkmişlər A.Həsənovdan şikayətçi olmadıqlarını, amma pullarını da geri ala bilmədiklərini deyiblər.
Məhkəmənin hökmü ilə Aydın Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com