Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - TARİXƏ NƏZƏR 
Hadisə
1343
25 Dec 2024 | 13:40

Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - TARİXƏ NƏZƏR 

Dünyada hər il milyonlarla insan nəqliyyat qəzalarının qurbanı olur. Mənzil başına tez yetişmək üçün ən rahat nəqliyyat vasitələrindən olan təyyarələr də qəzalardan sığortalanmayıb. Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur. Azərbaycanın aviasiya tarixi də belə qəzalardan və səhvlərdən yan keçməyib. Modern.az saytı keçmiş SSRİ dövründə və müstəqil zamanında Azərbaycanın hava nəqliyyatında baş verən təyyarə qəzalarının xronologiyasını təqdim edir.    
 
1965-ci il, 25 yanvar
 
SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. An-8 Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə 6 heyət üzvünü hamısı həlak olub.   
 
1966-cı il, 23 aprel
 
Həmin gün Binə hava limanından (indiki Heydər Əliyev adına beynəlxalq hava limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb.  Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
 
 
1973-cü il, 18 avqust
 
Bakı-Aktau-Bakı reysi ilə hərəkət edən AN-24B tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub. Qəzadan sağ qurtulan olmayıb.
 
1974-cü il, 11 may
 
Qax-Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov içki düşkünlüyünə görə özünün və təyyarədəki daha 7 nəfərin ölümünə səbəb olub. O, 1974-cü il mayın 11-də axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil edib. Bundan sonra isə gəzmək məqsədilə An-2 təyyarəsinə minərək Zaqatala rayonuna gediblər. Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə Qavrilov təyyarəni yerə çırpıb. Nəticədə pilot da daxil olmaq 8 nəfər yerindəcə həlak olub.    
 
1989-cu il, 18 oktyabr
 
SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan İL-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. 1600 metr yüksəklikdə təyyarənin sağ mühərriki alışaraq qopub. Nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi İL-76 təyyarəsinin yerə çırpılmasına səbəb olub. Qəza nəticəsində 57 nəfər - 9 heyət üzvü və 48 desantçı həlak olub.
 
 
1995-ci il, 5 dekabr
 
Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
 
2005-ci il, 23 dekabr
 
Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
 
2011-ci il, 5 iyul
 
Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.
Link kopyalandı!
Son xəbərlər