Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO
3165
16 Dec 2023 | 16:30

Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda Peşəkar Futbol Liqasının rəsmilərinin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mikroavtobusu idarə edən Rasim Qafarlı yolu tanımadığı üçün naviqasiya tətbiqindən istifadə edib. 

Məlumata görə, qəzaya düşən zaman sürücü avtomobili 90 km/saat sürətlə idarə edib. 

Hadisə zamanı avtomobil yol nişanı quraşdırılmış dirəyə çırpılıb.

15:03

“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib:

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin - Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyətlərii digərlərinə nisbətən tibbi vəziyyətləri kritikdir. Hər ikisi hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq palatalara yerləşdiriliblər”.

14:05

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən mikroavtobusda olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıya gətirilib. 

Oxu.Az xəbər verir ki, El.Səmədovla yanaşı, mikroavtobusun sürücüsü Rasim Qafarlı da paytaxta çatdırılıb. 

Onlar “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

14:02

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən mikroavtobusda olan PFL əməkdaşlarının aldığı xəsarətlər məlum olub. 

Bununla bağlı “Trend” məlumat yayıb. 

Məlumatda bildirilir:

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynağının əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.

Qəzaya uğrayan mikroavtobusun hadisədən sonrakı fotolarını təqdim edirik: 

 

13:33

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan Abdullayev, qurumun icraçı direktoru Zaur Hacıməhərrəmov və qurumun texniki idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər. 

Oxu.Az xəbər verir ki, onlar da təcili yardım avtomobili ilə “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

13:24

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Bakıya gətirilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, “Bona Dea” xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada xəsarət alan PFL prezidenti Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

11:58

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. 

Oxu.Az-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər və gecə saatlarında yola düşüblər.

11:47

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11:26

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

Onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. 

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. Xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qeyd edək ki, mikroavtobus Ağdam-Xankəndi istiqamətində hərəkətdə olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər