Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.
Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, ölkədə davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.