Hadisə
5334
26 Dec 2019 | 19:55

"İŞİD-çilərin niyə məhz Azərbaycan istiqamətində sərhədi keçmələrinə aydınlıq gətirilməlidir"

Xəbər verildiyi kimi iki gün öncə Türkiyənin İğdır vilayətinin Dilucu sərhəd bölgəsində  “İslam dövləti” terror təşkilatının üç üzvü xüsusi əməliyyat nəticəsində tutulub. Qeyd edək ki, terrorçular Naxçıvan istiqamətində sərhəddi pozmağa cəhd ediblər. 

Moderator.az bu məsələ ilə əlaqədar terrorçuların niyə məhz Azərbaycan istiqamətində sərhədi keçməsini şərh etmək üçün təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib. İlham İsmayılın fikirlərini diqqətinizə çatdırırıq:

“Bildiyiniz kimi İŞİD kimi tanınan terror təşkilatı faktiki olaraq əvvəllər tutduğu Suriya və İraq ərazilərindən demək olar ki, çıxarılıb. İki gün əvvəl jurnalistlər də terrorçuların özlərinə paytaxt elan etdikləri Rakka şəhərinə daxil ola biliblər. Hal-hazırda Yaxın Şərq ölkələrində gizlənməyə və yenidən təşkilatlanmağa cəhd edən terrorçular müxtəlif ölkələrin ərazilərinə soxulmağa çalışırlar. Həbs olunmayan və qaçan İŞİD üzvləri əsasən Əfqanıstanda cəmləşməyə başlayıb, lakin Talibanla ciddi qarşıdurmada məğlub olub, Tacikistan sərhəddində toplanırlar. Sağ qalan İŞİD üzvlərindən 1200 nəfəri də Türkiyə həbsxanasında saxlanılır. Bildiyiniz kimi noyabr ayından etibarən Türkiyə İŞİD-çiləri vətəndaşı olduqları ölkələrə qaytamaq haqqında bəyanat verdi və elə həmin ay da 11 Fransa vətəndaşını təhvil verib. Dekabrın 4-dən başlayaraq daha 59 terrorçunu vətənlərinə təhvil verib. Bunlardan 26-sı ABŞ və Avropa İttifaqı ölkələrinin vətəndaşlarıdır. Əvvəllər qeyd edildi ki, 29 nəfər Azərbaycan vətəndaşı olan İŞİD üzvləri də Türkiyə həbsxanasındadır və Azərbaycana təhvil veriləcək. Təəssüf ki, belə bir təhvilvermə haqqında indiyədək rəsmi məlumat yoxdur. Ehtimal etmək olar ki, onlar ya hələlik təhvil verilməyib, ya da təhvil verilsə də, hansısa məntiqlə hələlik məxfi saxlanılır. Eyni sözləri İraqda həbs olunan Azərbaycan vətəndaşları - terrorçuların ailə üzvləri olan qadınlar və uşaqların ölkəyə gətirilməsi üçün hansı işlərin aparıldığı və ya heç aparılmadığı barədə də məlumatların rəsmi qaydada verilməməsini bura aid etmək olar.
Son üç İŞİD – çinin sərhəddə yaxalanması barədə məlumatlar da xəsisliklə verilib. Terrorçuların hansı ölkənin vətəndaşı olması və şəxsiyyətləri barədə məlumat yoxdur.
Niyə məhz Azərbaycan istiqamətində sərhədi keçmək istəmələrinə aydınlıq gətirilməsi bizim üçün önəmlidir. Bəzi versiyalara görə bizim ərazimizdən tranzit kimi istifadə olunub. Bu adamların bizim ərazidən keçməklə perspektivdə İrana, Rusiyaya və ya Orta Asiya ölkələrinə keçəcəyi də istisna olunmur. 
Nəzərə alsaq ki, Azərbaycan xüsusi xidmət orqanları Türkiyə istihbarat təşkilatı ilə ciddi əməkdaşlıq əlaqələrinə malikdir, o zaman saxlanılan şəxslərin məqsəd və planları barədə məlumatları əldə edəcək, ölkəmizi mümkün terror aksiyalarından qorumaq üçün bu istiqamətdə uğurlu fəaliyyəti davam edəcək".
Link kopyalandı!
Son xəbərlər