Moskva yenə “Qarabağ kartı”na işarə etdi – Bakıdan CAVAB
Gündəm
286
13:13, Bu gün

Moskva yenə “Qarabağ kartı”na işarə etdi – Bakıdan CAVAB

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya 1 aprel səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Məsələn, bəlli oldu ki, Rusiya Güney Qafqazı qarışdırmaq planlarından tam əl çəkməyib və bunu iki istiqamətdə davam etdirməyi düşünür: Ermənistanda gözlənilən seçkilərdə öz proksi qüvvələrinə hər cür dəstək verməklə və çoxdan vurulmuş “Qarabağ kartını” təzədən istifadəyə qaytarmağa çalışmaqla. Bu da “isti” sübut. “Qarabağla bağlı vəziyyət həssas məsələ olaraq qalır”.

Bunu Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşündə bildirib.

“Əlbəttə ki, bu günə qədər ən həssas məsələ - biz bunu başa düşürük və tez-tez müzakirə edirik – bu, Qarabağla bağlı hər şeydir”, - deyə Putin qeyd edib.

Maraqlıdır ki, Paşinyan elə həmin görüşdə bir daha bəyan edib ki, “Qarabağ hərəkatı davam etdirilə bilməz”, çünki “Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub və iki ölkə bir-birinin ərzi bütövlüyü və suverenliyini tanıyıb”. Putin isə bu gün də “Qarabağın həssas məsələ olduğunu” iddia edir. Hansı məsələ? Moskva hələ də artıq vurulmuş “Qarabağ kartı”namı ümid edir?

Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, uzun müddət davam etmiş və region xalqlarının maraq və mənafelərini ehtiva etməyən, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında ifadə olunan prinsiplərlə daban-dabana zidd bir konfiqurasiyanın dağıdılması ilə müşayiət olunan yeni reallıq bu vəziyyətdən faydalanan güclər tərəfindən hələ də qısqanclıqla qarşılanmaqdadır.

“Elə Vladimir Putin və Nikol Paşinyanın 1 aprel görüşünün də Qərblə Rusiya arasında qarşıdurmanın yalnız Rusiya-Ukrayna coğrafiyasında deyil, həm də Cənubi Qafqazda, konkret desək, Ermənistanda daha da gərginləşdiyini göstərməsi əslində Moskvanın yeni reallığa, ələlxüsus Ermənistan ətrafında formalaşan yeni düzənə münasibətinin ifadəsidir. Sadəcə, Ukrayna cəbhəsindən fərqli olaraq Ermənistanda mübarizə “soyuq müharibə” formatında davam edir və geosiyasi proseslərin gedişi, o cümlədən Ermənistanda daxili siyasi proseslər, həmçinin qarşıdan gələn seçkilər situasiyanı daha da ağırlaşdırır. Düzdür, Rusiya və Ermənistan liderlərinin son görüşü daha çox əlaqələrin yeni zəminə müvafiq şəkildə tənzimlənməsi xarakteri daşısa da, qarşılıqlı eyhamlar bu müzakirələri siyasi dialoqdan daha çox siyasi duelə çevirdi. Görünən odur ki, Ermənistan bütövlükdə Rusiya təsirlərindən qurtulmaq, eyni zamanda, bu prosesin daha ağrısız formada realizəsinə nail olmaq niyyətindədir”, - deputat vurğulayıb. 

Onun fikrincə, öz növbəsində Rusiya isə Cənubi Qafqazda, daha konkret desək, Ermənistanda mövqelərini itirməmək üçün bütün rıçaqlarını işə salacağını gizlətmir:

“Ermənistan iqtisadiyyatında Rusiyanın hələ də çox ciddi rola malik olması, eyni zamanda bir sıra istiqamətlərdə iqtisadi proqnozların Rusiya ilə əməkdaşlıq formatına söykənməsi, o cümlədən Ermənistanda Moskvanın ciddi siyasi təsir imkanlarının hələ də mövcudluğu, təbii ki, bu mübarizədə İrəvanın mövqelərini xeyli zəiflədir. Lakin əvvəlki dövrlərdən fərqli olaraq Ermənistanın müharibə şəraitində olmaması və Rusiyanın, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsinə ehtiyac duyulmaması Paşinyana sələflərindən çox daha müstəqil davranmağa imkan verir. Yəni görünən odur ki, uzun illər cənab İlham Əliyevin xəbərdarlıqlarına rəğmən, Ermənistan rəhbərliyi yalnız indi başa düşməkdədir ki, Azərbaycanla müharibə və Azərbaycan torpaqlarının işğalı əslində uzun bir dövr ərzində Ermənistanın suverenliyi üçün təhdid yaradan rıçaq kimi çıxış edib. Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlar, bu mənada, Ermənistanın müstəqilliyi və suverenliyi istiqamətində son 35 ildə qət olunan ən effektiv mərhələ sayıla bilər. Təbii ki, yeni şərait Ermənistan rəhbərliyinə daha qətiyyətli davranmağa imkan verib və bu, Rusiya tərəfindən sakit qarşılana bilməzdi, bu mənada, Prezident Putinin görüşdə Ermənistanda Rusiya meyilli şəxslərin, daha doğrusu, Rusiya pasportu daşıyan şəxslərin həbsdə olması ilə bağlı vurduğu eyham əslində seçkilərdə rəsmi Moskvanın tutacağı mövqenin indidən rəsmən bəyanı hesab edilə bilər”.

Parlamentari qeyd edib ki, Ermənistanın Baş nazirinin "Qarabağ hərəkatına son qoyulmalıdır" kimi bəyanatı isə öz növbəsində Rusiyanın Ermənistandakı əsas dayaqlarından olan revanşist dairələrlə bağlı barışmaz mövqeyi davam etdirməklə Moskvanın Ermənistan üzərindəki təsirlərinin azaldılması istiqamətində addımlarında israrlı olacağını göstərir:

“Görünən odur ki, formal müstəqillik qazandıqdan sonrakı dövrdə Ermənistanın öz güc və imkanlarına deyil, Rusiyaya güvənməsi, sonrakı dövrlərdə isə Qərblə birgə hərəkət yolunu seçməsi uzun bir dövr ərzində bu ölkəyə müstəqil davranmaq imkanı vermədiyi üçün hazırda Ermənistan Qərb və Rusiya arasında əsas siyasi qırılma nöqtəsinə çevrilib. Bu isə bir daha sübut edir ki, milli iradəyə əsaslanmadan hansısa formada geosiyasi balansın qorunması mümkün deyil və bu istiqamətdə cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu qlobal miqyasda nüfuzun qorunması və bərabərhüquqlu yanaşmanın təmin olunması üçün ən effektiv nümunədir.

Xüsusən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasi kursun Azərbaycanın tam müstəqilliyinə gətirib çıxarması, suverenliyin birmənalı şəkildə bərqərar edilməsi, o cümlədən rəsmi Bakının qlobal nüfuzunun gücləndirilməsində ehtiva olunan situasiyanın formalaşması indiki məqamda Ermənistanın ehtiyac duyduğu yeganə formuldur. Əgər Ermənistan eyni qaydada hərəkət etməyi bacarsa, daha doğrusu, Azərbaycan Prezidentinin regionda yaratdığı geosiyasi konfiqurasiyanın ümumi inkişaf tendensiyalarına uyğun davransa, hər hansı təhrikə şirnikləşmədən sülh və sabitlik istiqamətində əldə olunan uğurların zəminini möhkəmləndirmək istiqamətində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olsa, heç şübhəsiz ki, kənardan hər hansı qüvvənin uzunmüddətli perspektivdə Ermənistan üzərində təsir rıçaqları formalaşdırmasına imkan verməyəcək. O cümlədən də şimal qonşumuzun da istifadə etmək cəhdlərində bulunduğu “Qarabağ kartı” effektsiz və perspektivsiz alət kimi tarixin arxivinə qarışacaq. Təbii ki, Ermənistanla bağlı uzunmüddətli proqnozlar verilməsi asan deyil, lakin görünən odur ki, Paşinyan indiki mərhələdə Azərbaycanın yaratdığı geosiyasi konfiqurasiyanın əsas tezislərinə uyğun şəkildə davranaraq proseslərdən uduşlu çıxmağa cəhd göstərməkdədir ki, bu da Ermənistanın real suveren gücə çevrilməsi istiqamətində yeganə praqmatik yoldur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər