Müharibənin yeni fazası: Tramp Müctəbanı məğlub edə biləcəkmi?
Gündəm
1135
22:35, Bu gün

Müharibənin yeni fazası: Tramp Müctəbanı məğlub edə biləcəkmi?

ABŞ, İsrail-İran müharibəsi 10-cu günündə yeni fazaya daxil oldu deyə bilərik. Bu faza daha gərgin, daha dağıdıcı, qarşılıqlı sərt hücumlarla müşayət olunacaq. Hadisələrin bu şəkildə inkişafının ilk səbəbi İranın yeni dini liderinin daha radikal bir şəxslə- Müctəba Xameneyi ilə əvəz olunmasıdır. Əslində, indiki dini lider SEPAH-la sıx əlaqələri olan, faktiki bu təşkilatın namizədi, adamı kimi tanınır. İranın ABŞ və İsrail hücumlarına qarşı cavabı daha geniş coğrafiyanı əhatə edə bilər. Təəssüf ki, Azərbaycan və Türkiyə də bu sıradadır. Onsuz da hər iki ölkə İranın dron və raket hücumlarına məruz qalıb. Sadəcə, bu təxribata getməyən hər iki dövlət maksimum çalışır ki, bölgəni qan çanağına çevirən bu savaşdan uzaq olsun. İran isə təxribatı İsrailin üstünə atmaqla ikrah doğuran rəsmi, daha çox isə qeyri-rəsmi açıqlamalar verir. Qarabağ zəfərindən sonra guya Azərbaycanda İsrail bazalarının olduğunu deyən İran, nədən öz ərazisindən atılan raketin yerini və icraçının kimlər olduğunu müəyyən edə bilmir? Bir ölkənin öz ərazisindən atılan raketin haradan qalxdığını bilməməsi qeyri-mümkündür. Araşdırmaq üçün çox qısa zaman tələb olunsa da, günlərdir İran bu məsələyə aydın cavab vermir.

Hadisələr bundan sonra necə inkişaf edə bilər?

Günlər keçdikcə aydın olur ki, ABŞ və İsrail bu müharibəyə tam mükəmməl hazırlaşa bilməyiblər. İlk növbədə Seyid Əli Xameneyinin öldürülməsi ilə İranda xaos yaranacağını, xalqın rejimə qarşı çıxacağını güman edən Tramp və Netenyahunun planları özünü doğrultmadı. Kritik bir məkan olan Hörmüz boğazını nəzarətə götürmədən müharibəyə başlamağın da səhv olduğunu artıq bütün dünya etiraf edir. Dünya neft daşımalarının 20 faizdən çoxunun bu körfəzdən keçdiyi yəqin ki, ABŞ və İsrailə də məlum olan faktdır. Dünya iqtisadiyatını böhran həddinə çatdıran, neftin qiymətinin 100 dolları keçməsinin əsas səbəbi Hörmüz körfəzinə İranın nəzarət etməsidir. Ona görə də dünya ölkələri, İspaniya kimi NATO üzvü dövlət, ABŞ daxili siyasi qüvvələr artıq bu müharibəyə tezliklə son verməyi tələb edirlər.

Körfəz ölkələri artıq ABŞ -nin onları raket hücumlarından qoruya bilmədiklərini dilə gətirməsi, İrana qarşı zərbə endirməkdən hələlik imtina etmələri də bu cəbhədə bir narazılıq yaradır. İş o yerə çatıb ki, konqressmen Lends Qreem körfəz ölkələrinə yalvarış xarakterli müraciət edərək İrana cavab atəşləri açmağı xahiş edir.

Vəziyyət mürəkkəbləşdikcə Tramp da, Netenyahu da əvvəlki günlərdə olduğu kimi sərt açıqlamalar verə bilmirlər.

İlk növbədə Trampın İranı təslim olmağa məcbur etmək istəyinin gerçəkləşmə ehtimalı çox aşağıdır. Teokratik rejim son raketinə qədər atacaq, amma rejim devrilməyəcək. Molla rejiminə müxalif olan daxili qüvvələr də indiki situasiyada rejimi dəstəkləyirlər. Hətta, Kanadada yaşayan müxalif dini lider də müxalif qüvvələrə rejim əleyhinə getməmək üçün çağırış edib. Yanvarda olduğu kimi kütləvi etirazların olacağı gözlənilmir və əksinə, müharibə getdiyi dövrdə yerli əhalinin İran rəhbərliyinin ətrafında toplaşması prosesi davam edəcək.

İsrail və ABŞ bir neçə gün əvvəl yeni dini liderinin də öldürüləcəyini deyirdilər, Amma, İsrailin onu öldürməyə müvəffəq olub-olmayacağı böyük bir sualdır. Demək olmaz ki, bundan imtina ediləcək, bu istiqamətdə mütləq çalışacaqlar, amma məqsədə çatmaq çətin görünür. Rejim devrilmədiyi və İran da təslim olmadığı halda ABŞ və İsrail hansı addımı atacaq. Quru qoşunların İrana daxil olması gündəmdən çıxıb. İndiyədək cəmi 8 Amerika əsgərinin ölməsi artıq ABŞ-da ciddi etirazlarla qarşıalnır.  Müharibəni tez bir zamanda bitirməyin yeganə yolu 12 günlük müharibədə olduğu kimi, Trampın qələbə elan etməsi və İranın nüvə və raket proqramlarını tamamilə məhv etməsi, bundan sonra İranın təhlükə yarada bilməyəcəyini dünyaya bildirməsidir. Amma, bu elə də asan olmayacaq. Birincisi, atasından daha radikal bir lider kimi tanınan oğul Müctəba Xameneyinin hakimiyyətə gəldiyini nəzərə alsaq, bunu qələbə kimi sırımaq olduqca çətin olacaq. Paralel olaraq İran da öz qələbəsini elan edib, rejimi daha da sərtləşdirəcək.  İkincisi, belə bir sonluq Tramp üçün noyabr seçkiləri ərəfəsində ciddi nüfuz itkisi olacaq.

Avropa ölkələri ABŞ-a dəstək verib müharibəyə qoşula bilərmi? Az inandırıcıdır, çünki Ukrayna müharibəsində Tramp Avropa ölkələrinin yanında olmayıb və əksinə onlara təzyiq siyasəti aparıb.

Yaxın erspektiv heç də, sülhə yaxın görünmür. Vəziyyət getdikcə nəzarətdən çıxır və İrana qarşı hərbi əməliyyatlar və İranın da cavabları təkcə regionda deyil, həm də başqa ölkələrin də iştirakı ilə nəzarətsiz və genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi ilə üzləşə bilər. Uzaq perspektivdə isə zəifləyən və iqtisadi böhranla üzləşən İran molla rejiminin xalq tərəfindən devrilməsi mütləq baş verəcək. İdeoloji rejimlərin ömrü müharibələrlə bir müddət uzana bilir. SSRİ kimi ideoloji rejimi də bir müddət möhkəmləndirən İkinci Dünya müharibəsindəki qələbəsi oldu, amma zaman keçdikcə qadağalar ölkəsində daxili etirazlar yüksəldi və rejim dağldı. İran molla rejimini də yaxın-uzaq gələcəkdə belə bir aqibət gözləyir.

İlham İsmayıl

Link kopyalandı!
Son xəbərlər