Yardımlı SOS verir: Küçələr palçıq içində, şəhər baxımsızlıqdan çökür
Gündəm
487
18:17, Bu gün

Yardımlı SOS verir: Küçələr palçıq içində, şəhər baxımsızlıqdan çökür

“Yardımlı rayonunun təcili şəkildə çox ciddi yardıma ehtiyacı var.”

Bunu Moderator.az-a açıqlamasında Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Mərdan Seyidbəyli deyib.

M.Seyidbəyli fikirlərini belə əsaslandırıb:

“Yardımlı təbiəti ilə göz oxşasa da, şəhərin küçələri tamamilə başqa mənzərə yaradır. Yağış yağan kimi yollar palçığa çevrilir, qar əridikdən sonra isə küçələr keçilməz hala düşür. Asfalt örtüyü bəzi yerlərdə ya ümumiyyətlə yoxdur, ya da illər əvvəl çəkildiyi üçün artıq tamamilə dağılmış vəziyyətdədir. Çuxurlar, su yığılan yerlər və sınıq kənarlar adi hala çevrilib. Piyada səkiləri dağılıb, küçələr baxımsız vəziyyətə düşüb, şəhər isə ümumilikdə bərbad görüntü yaradır. Hər il qış mövsümündə eyni problemlər təkrarlanır, lakin nə təmir aparılır, nə də əsaslı bərpa olunur. Nəticədə şəhər ildən-ilə daha çox xarabalığa çevrilir”.

1473551

Cəmiyyət sədri qeyd edib ki¸ bu xoşagəlməz mənzərə insanların gediş-gəlişini də çətinləşdirir:  

“Küçələrin bu vəziyyəti təkcə estetik problem deyil. İnsanlar hər gün palçığın içindən keçməyə məcbur qalır, avtomobillər tez-tez sıradan çıxır, piyadalar isə ciddi təhlükə ilə üz-üzə qalır. Uşaqlar məktəbə gedərkən ayaqqabıları palçıq içində olur, yaşlılar sürüşüb yıxılmaq riski yaşayır. Bir şəhərin həm mərkəzi, həm də məhəllələri bu qədər baxımsız vəziyyətdə olmamalıdır”.

M.Seyidbəylinin bildirdiyinə görə, rayondakı bu acınacaqlı durum illərdir hökm sürsə də, aidiyyəti şəxslər tərəfindən heç bir tədbir görülmür:

“Ən narahatedici məqam isə budur ki, bu hal artıq uzun illərdir davam edir. Küçələrin abadlaşdırılması, yolların yenilənməsi və normal kanalizasiya sisteminin qurulması əsas prioritet olmalıdır. Çünki hər yağışdan sonra küçələr gölməçəyə çevrilir və yollar dağılırsa, bu, infrastrukturun düzgün qurulmadığını açıq şəkildə göstərir. Yardımlı sakinləri palçıq içində yaşamağa məhkum deyil. Bu şəhər dağılmış və baxımsız küçələrlə deyil, səliqəli və abad yolları ilə tanınmalıdır. Küçələrin bu vəziyyətdə qalması sadəcə yol problemi deyil bu, şəhərə və onun sakinlərinə göstərilən diqqətsizliyin açıq göstəricisidir”.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər