Nigar Köçərlidən növbəti paylaşım: “Xəstəxana bizə təzyiq göstərir” - “Liv Bona Dea”dan REAKSİYA
Gündəm
241
12:45, Bu gün

Nigar Köçərlidən növbəti paylaşım: “Xəstəxana bizə təzyiq göstərir” - “Liv Bona Dea”dan REAKSİYA

Bir neçə gün öncə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi və bununla bağlı sosial media hesabında geniş açıqlama yaymışdı. O bildirmişdi ki, əməliyyatdan sonra güclü ağrılar hiss edib və yalnız dəfələrlə israr etdikdən sonra ona anesteziya vurulub. Nigar Köçərlinin sözlərinə görə, əməliyyatdan sonra tibb personalı tərəfindən kobud və əsəbi rəftarla da üzləşib.

Xəstəxana isə açıqlama yayaraq bildirib ki, məsələni ilk gündən diqqətlə araşdırmağa başlayıblar. Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınlarıyla hospitalın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib.

Bu gün isə Nigar Köçərli növbəti açıqlamasını yayıb və bildirib ki, etirazalardan sonra xəstəxana ona təzyiq göstərib və paylaşımların silinməsini istəyib:

“Xəstəxana tərəfindən nəinki adekvat cavab verildi, əksinə, bizi yalan və böhtan yaymaqda ittiham edərək müxtəlif yollarla paylaşımın silinməsi üçün təzyiqlər göstərildi.

Mənim istəyim çox sadə idi: ödədiyim vəsait müqabilində normal xidmətin göstərilməsi. Niyyətim kiminsə işdən çıxarılması və ya cəzalandırılması deyil, yalnız aydın cavab almaq idi: Anesteziya niyə gecikdirilib? Tibbi personal niyə mənimlə qəddar rəftar edib? Pasiyentə bu laqeyd münasibətin səbəbi nədir?”

N. Köçərli qeyd edib ki, klinika vəziyyəti aydınlaşdırmaq və üzr istəmək əvəzinə ittiham yolunu seçib:

“Bu yanaşma məndə əlavə suallar doğurur: görəsən, həmin 6 saat ərzində içəridə nə baş verib ki, indi bunu ört-basdır etməyə çalışırlar?”

O, məsələni hüquq müstəvisində həll etməyi planlaşdırır.

Məsələ ilə bağlı Musavat.com “Liv Bona Dea” xəstəxanasıyla əlaqə saxlayıb.

Saytımıza bildirilib ki, xəstəxana ilə bağlı edilən paylaşımların silinməsi üçün Nigar Köçərliyə hər hansısa təzyiq göstərilməyib:

“Biz ona heç bir təzyiq göstərməmişik. İlk paylaşımından sonra hətta açıqlama da verdik. Bu baxımdan təzyiq göstərilib iddiası real deyil”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər