Yeni təqvim ilinin ilk ayındayıq…
Təqvimlər yenilənir, yaddaş çağırır. Çağıran torpaqdır, çağıran evin divarına hopmuş nəfəsdir, çağıran yarımçıq qalmış yığvallardır... Məhz bu çağırışın ünvanına yönələn səfərlərdən biri də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş şəhər və kəndlərə növbəti ziyarəti oldu.
Bu səfər rəsmi protokolun çərçivələrini lətafətlə, qayğıkeşliklə aşırdı. Burada lent kəsməkdən çox, açar təqdim etməkdən ötə qapı açmaq vardı, könül ziyarəti vardı. Dövlət başçısının “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurda dönmüş ailələrin evinə baş çəkməsi, əslində, bir dövlət fəlsəfəsinin, hakimiyyət kulturolojisinin nümayişi idi: Dövlət zirvəsi insanın qapısında dayananda, tarix öz yerini tapır, illərin ağrı-acısı çəkilib gedir, inam möhkəmlənir, bayraq daha qürurla dalğalanır.
Xalq şairi Vaqif Səmədoğlunun misraları bu səfərin mənəvi kodunu açır:
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır…
Bu eniş zərifliyi də aşır, yanar ürəklə, gücün ən yüksək xeyirxahlıq halını göstərir. Çünki güc ocaq başında bəzən tribunadan daha təsirli görünür. Prezidentin bir ana ilə qucaqlaşması, bir atanın gözündəki minnətdarlığı oxuması – bunlar siyasətdən başqa üfüqlərə ötür, könül dili olur.
Üç onillik işğal qaramatından sonra Böyük Qayıdış təkcə evlərin bərpası olaraq qala bilərmi?.. – Əsla, yox! – O, qırılmış yaşam ritminin bərpasıdır. Budur, biz Qarabağdakı abad evlərin açarına metal parçası deyib keçə bilmirik; açar – geri qayıdan və inam olub doğrulan ümidin özüdür. Hər yeni ev – daş-divar olmaqdan çıxıb, yenidən qurulan yığvala çevrilib. Bəli, dövlət burada ömürlərə ömür calayır, bu, “layihə icra etmək” kimi sadə cümlələrə qətiyyən sığmır…
Bu səfərdə bir detal özəlliklə diqqət çəkirdi: onu 30 il öncədən görən Vaqif Səmədoğlu öz poetik kəşfi ilə, sükut tərifi vermişdi:
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır…
Bəli, bəzən ən böyük siyasi ismarıc səssiz verilən ismarıcdır. Kamera qarşısında deyilənləri demirəm, insanın gözündə oxunanları deyirəm. Bax, dövlətin gücü də buradadır: öz qələbəsini insanın gündəlik yaşamına çevirməkdə!.. – Ona görə Dövlət baba deyirik.
Bu gün azad edilmiş torpaqlarda dövlət yol çəkir, məktəb tikir, ev bərpa edir - bunlar öz yerində-öz göyündə; əsas odur, Dövlət baba inancı bərpa edir, inancı! Çünki torpağa qayıdış fiziki hərəkət kimi yorumlansa, söz, fikir, iş kəm qalar – bu, ruhun geri dönməsidir, ruhun!
Dövlət başçımızın, Müzəffər Ali Baş Komandanımızın yeni təqvim ilinin ilk ayındakı bu qutlu səfər bizə nəyi xatırlatdı? – Xatırlatdı ki: Zəfər yalnız savaş meydanında qazanılmır. Zəfər o zaman ev-ev, könül-könül, ömür-ömür sabitləşir ki, dövlət insanın qapısını döyür və deyir: “Xoş gəlmisən evinə.”
Bu, Böyük Qayıdışın rəsmi hesabatı olmaqdan çox daha üstün – Böyük Qayıdışın insanlıq hesabatıdır!
“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində”. – Bu sözlər Dövlət başçımızın sözüdür, Dövlət babanın görüşüdür, əcdadımızın ruh şadlığı, bugünün qürur qaynağı, gələcək nəsillərin yol xəritəsidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI