“Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını ciddi elmi əsər kimi qiymətləndirənlər...” - Fazil Mustafadan ŞOK açıqlamalar
Gündəm
794
16:06, Bu gün

“Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını ciddi elmi əsər kimi qiymətləndirənlər...” - Fazil Mustafadan ŞOK açıqlamalar

Milli Məclisin komitə sədri Fazil Mustafanın İrandakı etirazlarla balı yazdığı məqaləsində Güney Azərbaycan ideologiyasını mifologiya adlandırması və bu mifologiyanın Stalin tərəfindən sırındığını yazması birmənalı qarşılanmayıb.
 
Məsələn, milli azadlıq hərəkatının liderlərindən olan AMİP lideri Etibar Məmmədov bildirib ki, Güney Azərbaycan məsələsi heç bir halda Stalinin sırıdığı mif kimi qəbul oluna bilməz. Çünki Stalindən əvvəl də bu ideologiya olub. Azərbaycan mövcud olub və onu iki hissəyə parçalayıblar, bir hissəsi Rusiyanın, bir hissəsi isə İranın tərkibində olub. Ancaq Azərbaycan Azərbaycandır və Güney Azərbaycan ideologiyasını Stalinin adına bağlamaq milyonlarla insanın milli ideologiyasına, milli hədəfinə çevrilmiş bir məsələni bir diktatorun adına bağlamaq ən azı insafsızlıqdır və hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır.
 
Oxşar etiraz tonlu fikirləri digər bir sıra tanınmış siyasi, ictimai fiqurlar da ifadə ediblər.
 
Məsələ ilə bağlı Musavat.com əməkdaşı Fazil Mustafa ilə də danışıb.
 
F.Mustafanın reaksiyalara münasibəti belə olub:
 
“Ümumiyyətlə, tarixi yaxşı bilməyənlər üçün bildirim ki, Güney Azərbaycan ideyası Sovet İttifaqı Kommunist Bolşeviklər Partiyasının qərarı ilə gündəmə gələn ideyadır. Bu ideya zahirən bizim milli maraqlarımıza uyğun kimi görünsə də, o dönəmdə sovet rəhbərliyi üçün xüsusi bir amil idi. İranda olan qarışıqlıqdan istifadə edərək orada özünə aid olan payı götürmək məqsədilə 1946-cı ildə həm buradakı ziyalılar, həm də oradakı Kommunist Partiyasının üzvləri vasitəsilə bir muxtariyyət formalaşdırdılar. O muxtariyyət təbii ki, önəmli işlər gördü, türk dilinin gündəmə gəlməsi, türk dilli mədəni dəyərlərin yaşaması baxımından xeyli işlər gördülər. Amma sovet ordusu çəkilən kimi hərəkatı yerində boğdular. Sonra isə 1978-ci ildə Sovet İttifaqı İranda yaranmış qarışıqlıqdan yararlanmaq üçün yenə də həmin ideyanı ortaya atdı. Amma ideyanı irəlilətmək mümkün olmadı. Çünki İranla SSRİ arasında gizli anlaşma oldu ki, bir-birinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə müttəfiqlik münasibətlərini pozmamaq üçün səy göstərəcələr.
 
İndi belə çıxır ki, illərdir bizim qəhrəman olaraq gördüyümüz, dəyər olaraq qiymətləndirdiyimiz bir şeylərin heç birini açıq müzakirə etmədiyimiz üçün biz elə yanlışların arxasınca getməliyik. Bunu kimlər deyirsə, ixtisasları tarixçi də olsa, tarixə baxışları olduqca savadsız bir baxışdır”.
 
Fazil Mustafa deyib ki, bu cür baxışlar Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını hələ də ciddi elmi əsər kimi qiymətləndirənlərin xatirəsini canlandırmaqdan başqa bir şey deyil:
 
“Yəni hələ də undurlar ki, bu bir ədəbiyyatdır. Ədəbiyyatda hansısa mövzunu özün istədiyin kimi təhlil edə bilərsən. O dövrdə də bu bizim hamımızı riqqətə gətirirdi. Amma ədəbiyyat siyasət demək deyil, siyasətin dəqiq parametrləri var. O baxımdan da bu məsələlərdə daha rasional düşünməyimizə ehtiyac var. Bütövlükdə bu mövzu Azərbaycan cəmiyyəti üçün bir az da təhlükəli mövzudur. Çünki Azərbaycan dünyəvi dövlətinin ən böyük uğuru 1828-ci ildə məhz Türkmənçaydan qopma nəticəsində baş verən proseslərdir. Bu proseslər olmasaydı, yeni mühitdə bizim dəyərli ziyalılarımız yetişməsəydi, İrandan heç bir fərqimiz olmayacaqdı.
 
İrandan qopma tariximiz bizim müstəqillik tariximizin başlanğıcıdır. Ona görə də hələ də bizi ora bağlamaq, yaxud da oranı bizə bağlamaq kimi tendensiya yanlışdır”.
 
Deputatın sözlərinə görə, biz oradakı soydaşlarımızın problemlərini və onların insan haqlarını qorumaq uğrunda istənilən səviyyədə mübarizəmizi aparmalıyıq:
 
“Amma onları da illüziyaya yönəltməməliyik, onları İran daxilində öz hüquqlarını əldə etmək, müəyyən muxtariyyət qazanmaq, dilin statusunu qaldırmaq, ana dilində məktəblərin açılması kimi məsələləri həll etməyə yönəltməliyik.
 
Bir çox adamlar hələ də anlamırlar ki, İranda hakimiyyətdə farsdan çox azərbaycanlılardır. Azərbaycanlılar rejimin qorunmasında maraqlı olan böyük kütlədir. Təbii ki, kimlərsə istiqlaliyyət istəyə bilər və bu reallıqlar da var. Amma bunu faktiki olaraq İran hakimiyyəti əlində olan etnik burjuaziya həll etməsə, buna nail olmaq asan məsələ deyil. Ona görə də biz həmin ideologiyaları buraxmalıyıq oradakı insanların öz öhdəsinə”.
 
Fazil Mustafa sonda vurğulayıb ki, xalqı 1990-cı illərdə aldadanlar bu gün də həmin yolu getməyə Güney Azərbaycan üzərindən, bu mifologiyanı canlandırmaq üzərindən davam etmək istəyirlər:
 
“Çünki varlığı sürdürmək üçün başqa mexanizmlər artıq əldən çıxıb. Ona görə də bu məsələdə çox mübahisə açmaq fikrində deyiləm. Fikirlərimi söyləyirəm, ağlı başında olan insanlar üçün bunları deyirəm və onlar məni doğru anlayırlar. Etirazların da olması mənim üçün normaldır. Bu da bir diskussiya mühiti üçün müsbətdir, bəlkə də bizim hansısa mülahizəmiz məntiqli olmaya bilər. Amma hər halda fikirlərimiz dərindən araşdırma ilə ifadə etdiyimiz fikirlərdir”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər