Güney Azərbaycan faktoru: İranın taleyi necə həll oluna bilər?
Gündəm
1728
10:40, Bu gün

Güney Azərbaycan faktoru: İranın taleyi necə həll oluna bilər?

Məlum olduğu kimi yanvarın 9-u və 10-da Cənubi Azərbaycanın paytaxtı sayılan Təbrizdə də etiraz aksiyaları keçirilib. Meydana çıxan etirazçılar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları səsləndiriblər. Etirazların bu cür kütləviləşməsi, Güney Azərbaycanda da genişlənməsi İranda hansı dəyişikliklərə gətirib çıxara bilər?
 
Moderator.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, İranda siyasi prosesləri dəyişdirə biləcək yeganə qüvvə Güney Azərbaycan türkləridir:
 
“Təsadüfi deyil ki, güneyli qardaşlarımız ötən əsrdə İranda baş verən bütün inqilabi dəyişikliklərin avanqardına çevriliblər. Güney Azərbaycanın iştirak etmədiyi heç bir inqilabi proses öz hədəfinə çata bilməyib. Bunu təkcə İran politoloqları yox, dünyanın ən ünlü strateqləri də etiraf edirlər. Məsələn, 2012-ci ilin 12 aprel tarixində Vaşinqtonda keçirilən “Qlobal Təhlükəzilik-2012 Forumu”nda (Global Security Forum 2012) çıxış edən ABŞ-ın ən ünlü strateqlərindən olan Zbigniev Brjezinski İrana qarşı “planlaşdırılmamış hücum”un perspektivsizliyindən danışarkən üzərində durduğu əsas amillərdən biri İran Azərbaycanlıları ilə bağlı idi. O bildirirdi ki, İranda inqilabi şərait hələ yetişməyib: “Təəssüf ki, Güney Azərbaycan türklərində aktivlik İranda hadisələrin çarxını döndərmək iqtidarında deyil. Ancaq onlar İrandakı proseslərə təsir edəcək qədər böyük saya malikdirlər”. Bu zamana qədər İranda baş verən və soydaşlarımızın qoşulmadığı bütün hərəkatların istənilən effekti verməməsi də Brjezinskinin haqlı olduğunu göstərir”.
 
Heydər Oğuzun fikrincə, İrandan gələn son məlumatlardan aydın olur ki, artıq Güney Azərbaycanda da hərəkətlənmə var:
 
“Bu da İrandakı proseslərin nəticəyə varacağına dair ümidləri artırır. Bununla belə, İrandakı oyanış qaneedici səviyyədə də deyil. Məni ən çox narahat edən də budur. Çünki Güney Azərbaycan xalqı proseslərə təsir edəcək səviyyədə ayağa qalxmasa, qorxuram ki, ABŞ və İsrail onları Tehran rejimindən ayırmaq üçün müxtəlif təxribatlara əl atsın. Ən təsirli təxribat isə İranda yaşayan müxtəlif xalqlar arasına etnik qarşıdurma salmaqdır. Məsələn, Güney Azərbaycanda rahatlıqla kürd-türk qarşıdurması sala bilərlər. Nəticədə İranın demoqrafik bütünlüyünü parçalaya və Təbrizlə Tehran arasında uzun müddət bərpası mümkün olmayan qopmalar baş verə bilər.
 
Yeri gəlmişkən, bu cür təxribatlar cari planda fars şovinistlərinin də işinə gəlir. Etnik və məzhəb qarşıdurmaları istər-istəməz İranın ən həlledici sosial bazası sayılan İran türkləri ilə farsları yaxınlaşdırmaq gücünə malikdir. Təbii ki, bu da müvəqqəti xarakter daşıyır və qarşıdurmalar böyüdükcə, proseslərin əks istiqamətə gedə, Türkiyə və Azərbaycanı da istər-istəməz bu prosesə cəlb edə bilər. Odur ki, Bakı və Ankara bu sürprizlərə indidən hazır olmalıdır. Proseslərin bu istiqamətə sapması təkcə İranda deyil, Suriya, Türkiyə və İraqda da region üçün arzuolunmaz inkişafları tətikləyə bilər.
 
Mənim fikrimcə, bütünlüklə region üçün bu arzuolunmaz proseslərin qarşısının alınması Güney Azərbaycan türklərinin prosesə vaxtında qoşulması ilə mümkündür. Ümid edirəm ki, İrandakı molla rejimi də bu təhlükələri nəzərə alıb ya Azərbaycan türklərinin milli tələblərlə meydanlara çıxmasına xoşgörü ilə yanaşmalı, ya da özü milli siyasətlərə yönəlib hakimiyyəti tədricən sekulyar və vətənpərvər qüvvələrə buraxmalıdır. Əks halda İranı qanlı qarşıdurmalardan qorumaq çətin olacaq və bundan ən çox zərəri mollalar görəcək”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər