Pnevmoniyaya yoluxma dinamikasında ciddi artım müşahidə olunur. Xəstəliyə, əsasən, məktəb və daha kiçik yaşlarında uşaqlar yoluxurlar.
Adi qrip kimi başlayan simptomlar cəmi bir neçə gün ərzində ağır pnevmoniyaya çevrilə bilər.
Moderator.az xəbər verir ki, həkim-infeksionist Əminə İsmixanova Modern.az-a açıqlamasında bildirib ki, pnevmoniya ağciyər toxumasının iltihabi xəstəliyidir. Yüngül, orta və ağır formada keçə bilər və bütün yaş qruplarında rast gəlinir:
"Son zamanlar uşaqlarda daha çox rast gəlindiyi üçün bu haqda daha geniş danışmaq istərdim. Ən riskli yaş qrupları 0-2 yaş (xüsusilə 6 ayadək körpələr), 2-5 yaş və məktəbəqədər dövrlərdir. Lakin biz daha çox pnevmoniya məktəb yaşlı uşaqlarda müşahidə edirik. Buna səbəb kollektiv faktorudur. Uşaqlar sinifdə sıx təmasda olurlar, qapalı məkanda uzun müddət qalırlar və asanlıqla virus, bakteriyalara yoluxurlar. Bu da pnevmoniyanın yayılmasını artırır. Pnevmoniyanın mənşəyi bakterial, viral, atipik və aspirasiondur.
Məktəb yaşlı uşaqlarda məhz atipik daha çox müşahidə olunur. (Mycoplasma pneumoniae,Chlamydia pneumoniae) Bu tip pnevmoniyalar yavaş başlanır. Uzun sürən quru öskürəklə davam edir. Çox vaxt "adi soyuqdəymə" kimi qiymətləndirilir. Nəticədə gec diaqnoz qoyulur və pnevmoniya artıq formalaşmış olur.
Uşaqlarda pnevmoniyanın əsas əlamətləri hərarət (bəzən çox yüksək), sürətli və çətin nəfəsalma, bəzən kürək və sinədə ağrı, davamlı öskürək. halsızlıq, iştahasızlıqdır. Körpələrdə əmmənin azalması, inildəmə müşahidə edilir. Müalicəsi isə səbəbə yönəlik aparılır. Burada əsas onu bilmək lazımdır ki, pnevmoniyaya səbəb tək bakteriyalar deyil, ona görə də antibiotik istifadəsi bu hallarda effekt verməyə bilər".
Həkimin sözlərinə görə, əgər hərarət 5 gündən çox davam edirsə, öskürək davamlı müşahidə olunursa, nəfəs darlığı yaranarsa mütləq xəstə müayinə olunmalıdır.
"Pnevmoniyadan qorunmaq üçün profilaktik tədbir kimi peyvəndlər (pnevmakok, Hib, qrip və s.) mütləqdir. Uşaqların siqaret tüstüsündən qorunması, qapalı məkanların tez-tez havalandırılması, körpələrin ana südü ilə qidalanması mühümdür.
Uşaqlarda pnevmoniya erkən aşkarlanarsa, tam sağalan xəstəlikdir. Lakin gecikmiş hallarda ağırlaşmalar və hətta həyati risk yarada bilər. Valideynlər uzun sürən öskürək və nəfəs darlığını ciddiyə almalı və özbaşına heç bir dərmandan istifadə etməməlidirlər".