Bakının cavabı nə olacaq? -  İrəvanın quru sərhəd təklifi GÜNDƏMDƏ
Gündəm
375
15:10, Bu gün

Bakının cavabı nə olacaq? -  İrəvanın quru sərhəd təklifi GÜNDƏMDƏ

Buğda və neft ixracından sonra Ermənistandan növbəti təklif gəlib. Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif edib. Ermənistan tərəfi deyib ki,quru sərhədlərini açmaq üçün münasib vaxtdır. Bəs Bakı İrəvanla  birbaşa ticarətə başlaya bilərmi?  Quru sərhədləri açmaq təklifinə Bakının qərar nə olacaq? 
Moderator.az-a danışan  Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Anar İsayev deyib ki, Bakı İrəvanla  birbaşa ticarətə başlaya bilərmi sualı,əslində Cənubi Qafqazda post-münaqişə mərhələsinin ən həssas mövzularından biridir:
 
“Qısa cavab olaraq deyə bilərəm ki, indiki mərhələdə mümkün deyil. Bakı Ermənistanla birbaşa ticarətə başlamağa hazır deyil və bu, Ermənistanın səsləndirdiyi təklifdən asılı olmayaraq dəyişmir.
Bəs Bakı üçün birbaşa ticarətin şərtləri nədir? Azərbaycanın mövqeyi uzun müddətdir ardıcıl və dəyişməzdir. Belə ki,sülh sazişi imzalanmadan, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan, sərhədlərin delimitasiya–demarkasiyası üzrə real irəliləyiş olmadan, kommunikasiyaların açılması üzrə (xüsusən Naxçıvana maneəsiz keçid məsələsində) razılaşma əldə edilmədən birbaşa ticarət siyasi və strateji risk kimi qiymətləndirilir. Bu səbəbdən Bakı iqtisadi münasibətləri siyasi-hüquqi çərçivədən ayırmır”.
 
İrəvanın bu təklifi Bakıya nə verir?
 
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan üçün Ermənistan bazarı kiçikdir:
 
“Eyni zamanda, alternativ tranzit yolları (Gürcüstan, İran) tam işləkdir,ona görə də Ermənistan üzərindən yükdaşımalar Azərbaycan üçün strateji üstünlük yaratmır.Əksinə, quru sərhədlərin açılması ən çox Ermənistanın maraqlarına xidmət edir, blokadadan çıxmaq, tranzit ölkəyə çevrilmək, iqtisadi nəfəs almaq və sair. Bu isə Bakı üçün asimmetrik güzəşt sayılır. Bakı üçün əsas prinsip,“əvvəl siyasi həll, sonra iqtisadi inteqrasiya"dır.
Belə ki,erkən ticarət Ermənistanın öhdəlikləri gecikdirməsinə, sülh gündəliyinin boş iqtisadi jestlərlə əvəzlənməsinə, Azərbaycanın danışıqlardakı rıçaqlarının zəifləməsinə səbəb ola bilər. Əslində Ermənistanın təşəbbüsü iqtisadi zərurətdən doğur. Çünki Ermənistan faktiki olaraq Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyir.
Ən real yanaşma təklifin prinsipial olaraq rədd edilməməsidir .Amma sülh paketi və kommunikasiyaların qarşılıqlı açılması əsas şərt olaraq qalmalıdır.Yəni, Bakı "təkcə Ermənistan üçün yox, hər iki tərəf üçün bərabər və hüquqi əsaslı olmalıdır" prinsipini prioritet hesab edir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər