Millət vəkili APA-da Azərbaycanın regional və tranzit rolundan danışdı
Gündəm
284
11:13, Bu gün

Millət vəkili APA-da Azərbaycanın regional və tranzit rolundan danışdı

Xəbər verdiyimiz kimi, Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.
 
Moderator.az-ın məlumatına görə, APA Prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakçılara ünvanlanmış xoş arzularını çatdıraraq, müasir qlobal çağırışlar fonunda parlament diplomatiyasının artan rolundan, eləcə də Milli Məclisin sədrliyi dövründə APA çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən bəhs edib.
 
Deputat Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqenin üstünlüklərini, yaradılmış müasir infrastrukturun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rolu, habelə Orta Dəhliz vasitəsilə tranzit və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş ardıcıl siyasəti diqqətə çatdırıb.
 
Bu kontekstdə 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Azərbaycanın əsas regional bağlantı mərkəzi kimi nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində artan rolu, Orta Dəhlizin genişlənən imkanları, xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə dair strateji baxışının, o cümlədən ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərətçi Görüşünə tamhüquqlu üzv kimi qoşulmasının əhəmiyyəti vurğulanıb.
 
Daha sonra Komitə iclasında APA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Bakıda qəbul edilmiş “APA Büdcəsinin Planlaşdırılması haqqında” Qətnamənin icrası və gündəlikdə duran digər məsələlərlə bağlı çıxış ediblər.
Qeyd edək ki, Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim iştirakçı dövlətlərin rəhbərlərini qəbul edib.
Link kopyalandı!
Son xəbərlər