Dohada APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası baş tutub
Gündəm
338
11:00, Bu gün

Dohada APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası baş tutub

Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası dekabrın 23-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilib.
 
Moderator.az xəbər verir ki, açılış mərasimində Qətər parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi,  APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov, eləcə də APA Prezidenti adından Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev iştirak ediblər.
 
Tədbirdə APA-nın fəaliyyəti, təşkilatın büdcəsi və planlaşdırma məsələləri ətrafında müzakirələr aparılıb. Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.
 
Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Asiya Parlament Assambleyasının hazırda 44 üzvü mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisi 2024–2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevral ayında Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı olan və parlament sədrlərinin iştirakı ilə 15-ci Plenar iclas keçirilmişdir. APA-ya sədrliyin 2026-cı ilin yanvar ayında Manama şəhərində keçiriləcək Plenar iclasda Bəhreyn Krallığına ötürülməsi nəzərdə tutulur.
 
Link kopyalandı!
Son xəbərlər