Cəbhə xəttində yerləşməyən Moskva şəhərində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Fanil Sarvarovun əyləşdiyi avtomobilin bomba yerləşdirilməklə partaldılması və generalın həyatını itirməsi Rusiya generalında və yüksək rütbəli zabitlərində qorxu, vahimə yaradacaq.
Bu barədə Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib. O qeyd edib ki, belə hadisələr Rusiya generalları və yüksək rütbəli zabitlər arasında real qorxu və gərginlik yaradır. General Sarvarovun ölümü ilə nəticələn hadisə də şübhəsiz ki, qorxu mühitini bir qədər artıracaq:
“Şübhəsiz ki, qorxu açıq şəkildə etiraf olunmur və sistem daxilində təhlükəsizlik sərtləşdirilməsi ilə kompensasiya edilməyə çalışılır. Ancaq qorxu, vahimə, hər addımda təhlükə düşüncəsi ən azından bir müddət aradan qalxmır. Generalın şəhərin ortasında partladılması Rusiya ordusunun generalitetindəki “toxunulmazlıq” mifini dağıdır. Rusiya ordusunda generallar uzun müddət özlərini arxa cəbhədə, təhlükəsiz zonada hiss edirdilər. Bundan sonra isə heç kimin tam təhlükəsizliyinə təminat olmadığı fikri onların beynində özünə yer edəcək. Bu hadisədən hadisədən sonra generallar şəxsi mühafizəyə, yaxın çevrələrinə, hətta öz tabeliyində olanlara belə şübhə ilə yanaşmağa başlayacaqlar. Bu isə komanda birliyini zəiflədir, generalları döyüş bölgəsinə getməkdən çəkindirəcək. Onlar hesab edəcəklər ki, paytaxtda avtomobilləri partaldılırsa, həyatlarına təminat yoxdursa, Ukrayna ilə cəbhə xəttində həyatlarına hər saniyə risk qaçılmazdır”.
Qeyd edək ki, Rusiya istintaq orqanları general Sarvarovun ölümü ilə nəticələnən partlayışı hədəfli sui-qəsd kimi qiymətləndirir və hücumun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyini iddia edir.