Gündəm
204
13:54, Bu gün

"Şuşanın azad olunması müharibənin taleyini dəyişdi və Azərbaycanın tam qələbəsinə yol açdı"

8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan möhtəşəm Qələbənin, Şuşa şəhərinin azad olunmasının və dövlət müstəqilliyimizin, milli birliyimizin rəmzinə çevrilmiş tarixi hadisənin günüdür. 
 
Şuşa şəhəri Azərbaycanın ən qədim və dəyərli mədəniyyət mərkəzlərindən biridir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan şəhər qısa müddət ərzində bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
 
Şuşa təkcə qalası və möhtəşəm təbiəti ilə deyil, həm də Azərbaycan musiqi və ədəbiyyatının beşiyi kimi tanınır. Burada Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov, Rəşid Behbudov kimi şəxsiyyətlər yetişmiş, şəhər milli mədəniyyətimizin simvoluna çevrilmişdir.
 
1992-ci il 8 may tarixində Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə şəhərin tarixi-mədəni abidələri dağıdıldı, minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı.
 
Lakin Azərbaycan xalqı bu ədalətsiz işğalla heç vaxt barışmadı. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq nümayiş etdirdi.
 
8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Bu Qələbə, xalqımızın milli ruhunun, birlik və iradəsinin təntənəsi idi. Şuşanın azad olunması müharibənin taleyini dəyişdi və Azərbaycanın tam qələbəsinə yol açdı.
 
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə 8 Noyabr “Şuşa şəhəri günü” elan edilmişdir. Bu qərar, şəhərin tarixi və strateji əhəmiyyətinin, eləcə də onun mədəniyyət beşiyi kimi dəyərinin dövlət səviyyəsində tanınmasının göstəricisidir.
 
Bu gün hər il ölkə üzrə Şuşa şəhəri gününə həsr olunmuş tədbirlər, elmi konfranslar, konsertlər və sərgilər təşkil edilir. Şuşada “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” kimi tədbirlərin bərpa olunması şəhərin dirçəlişinin və mədəni həyatının yenidən canlanmasının bariz nümunəsidir.
 
Azadlıqdan sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə “Şuşa şəhərinin baş planı” hazırlanmış, şəhərin tarixi memarlıq üslubunun qorunması və müasir tələblərə uyğun inkişafı təmin olunur.
 
2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı”, 2022-ci ildə isə “TÜRKSOY-un mədəniyyət paytaxtı” elan edilmişdir. Bu faktlar, Şuşanın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq mədəni irsində tutduğu önəmli yeri təsdiqləyir.
 
8 Noyabr – Şuşa şəhəri günü təkcə bir şəhərin azad olunması günü deyil, Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və dövlətçilik iradəsinin təntənəsidir.
Bu tarix Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram, Azərbaycan Ordusunun şücaətinə minnətdarlıq, xalqımızın birliyinin simvolu kimi yadda qalır.
 
Şuşa bu gün yenidən dirçəlir, öz tarixi və mədəni möhtəşəmliyini bərpa edir. Onun azadlığı ilə birlikdə Azərbaycanın qüruru, mədəniyyəti və ruhu da yenidən doğulmuşdur.
 
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər