10 il öncə Ramiz Mehdiyev haqqında siyasi dairələrdə və ictimaiyyət arasında əsas düşüncə belə idi ki, adam son gününə qədər vəzifəsində qalacaq, kreslosunda vəfat edəcək və dəfni dövlət ərkanıyla I Fəxri Xiyabanda, təntənəli bir şəkildə təşkil ediləcək.
Bu düşüncənin yanlış olduğu onun vəzifəsindən götürüldüyü vaxt üzə çıxdı. Ancaq bu da hələ atdan tam düşmək deyildi. O, “dövlət ağsaqqalı” olaraq qalırdı. Elmlər Akademiyasının prezidenti, Təhlükəsizlik Şurasının üzvü olmaq da mühüm mövqe idi.
Bir müddətdən sonra R.Mehdiyevin AMEA prezidenti kürsüsündən məmnun olmadığı, ötən günlərdəki qüdrətinin xiffətini çəkdiyi hiss olundu. Onun qərar və hərəkətlərində dövlət rəhbərliyinə qarşı müəyyən narazılıq və müqavimət sezilirdi. Elə ona görə də Mehdiyevin AMEA prezidenti postunda oturması çox çəkmədi. Yüngülvari kampaniyadan sonra o, öz guşəsinə çəkildi. Hamı elə bildi ki, Mehdiyev guşənişin təqaüdçü olacaq.
Onun yaşı da o yaş deyildi, 85-i adlamışdı. Bu yaşda insanlarda artıq nə siyasi ambisiya olur, nə də bir çox şeylərə həvəs. Oturub gözləyirlər. R.Mehdiyevin tay-tuşlarının azı 87 faizi çoxdan həyatda yoxdur.
Ona görə də ağsaqqal akademikin sinninin 87-də ağır maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi, açığı, hər kəs üçün gözlənilməz oldu. Buradan o qənaətə gəlmək olar ki, Ramiz müəllim heç də guşənişin qoca olaraq boş-bekar oturmayıb.
O, gənc yaşından dövlət işində, məsul vəzifələr tutan təcrübəli biri kimi “hökumətlə hökumətlik etməyin” təhlükəli olduğunu bilməmiş deyildi. Yeniyetməliyi Stalinin dvrünə düşən Mehdiyev narazı stalinçilərin Xruşovu devirmək istəməsini, Xruşovun onları (Molotov, Malenkov və Kaqanoviçi) necə cəzalandırmasını, brejnevçilərin Xruşovu aşırmasını, Andropovun Brejnevin ayağının altını qazmasını, Qromıkonun Qorbaçovu SSRİ-nin başına müsəllət etməsini, QKÇP qiyamını,SSRİ-nin dağılmasını, bir sözlə, son 70 ilin bütün siyasi hadisələrini və saray intriqalarını, onların nəticələrini görmüş adamdır, sonrakı fəaliyyətinin nə ilə nəticələnəcəyini bilməli idi.
Bundan başqa, dövlət idarəetməsini beş barmağı kimi bilən Mehdiyev son 30 ildə hökumətə asi çıxanların aqibətini müxtəlif vasitə və üsullarla həll etmiş biridir. Siyasi və elmi dairələrdə filosof sayılan bu şəxs orta əsrlərə xas dövlət idarəçiliyini yaxşı bilirdi. Müasir dövlət quruluşları, dürüst seçkilər, hakimiyyətin dinc mexanizmlərlə ötürülməsi, qanunun aliliyi kimi məfhumlar ona yaddır. Bunun qarşılığında o, əldə edilmiş hakimiyyəti necə qorumağı dünyada (dünyada!) hamıdan yaxşı bilən beş adamdan biridir.
Məhz o, bilməliydi ki, uzun illər sarayda xidmət etmiş vəzirlərin sonda nə öz yaşına, nə də gözünün yaşına baxmırlar. Osmanlı səltənətiinin də, rus imperiyasının da, o biri xanədanlıqların da tarixləri xəyanətə görə edam edilmiş vəzirlərlə, knyazlarla doludur. Belə bir aqibətdən heç kəsin sığortası yoxdur. Sədaqət məsələsinə münasibət 500 il əvvəl necəydisə, indi də elədir.
Bunları bilə-bilə bu təcrübəli dövlət adamının özüylə bağlı məsələni bu yerə çatdırması heyrət doğurur.
Fikir verirsinizsə, iki gündür nə mətbuatda, nə də sosial şəbəkələrdə bir nəfər də olsun, sinəsini qabağa verib onu müdafiə etmir. Niyə? Bunun iki əsas səbəbi var. Birincisi odur ki, akademik yüksək vəzifədə olanda, Arif Rəhimzadə demişkən, hamıya pislik edib. Gerçəkdən də o, yüz minlərlə adamın taleyindən kotanlı K-700 traktoru kimi keçib, çox düşmən qazanıb.
İkincisi isə o, elə adamlara yaxşılıq edib ki, onlarda mərdlik, cürət anlayışı yoxdur, öz dərilərini qorumaq üçün nəinki onu müdafiə etmək cəsarəti göstərməzlər, hətta əksinə, son dərəcə qırmızılıqla üzünə dura bilərlər – təki bu dalğanın sədəməsi onlara toxunmasın.
Bir çoxları indi “o mənə elə pislik edib, belə yamanlıq edib”, yaxud da “mən onunla hələ vəzifədə olanda mübarizə aparmışam” deyirlər. Bəziləri haqlıdır, əllərində köhnə tarixli qəzet səhifələri, videoçıxışlar var. Amma yarıdan çoxu yalan deyir, hətta müəllim vəzifədə olanda ona qarşı bir söz deyənin başına oyun açardılar.
Həmişə yaramaz adamları qabağa çəkməyin, itaətkar kəmfürsətlərə, namərdlərə meydan verməyin, hər murdarlığa qadir şəxslərlə varlanmaq şəraiti yaratmağın belə minusları var. Dar ayaqda onlar batan gəmini siçovullardan da tez tərk edirlər.
R.Mehdiyevi ona görə müdafiə edən yoxdur ki, bu, prinsipial, cürətli və ədalətli adamların içindən gəlmir, ona vəfa borcu olanlar isə xəyanətə hazır adamlardır. Ona görə də o, ahıl yaşında, zəif vaxtında tək, köməksiz qalıb.
Ramiz Mehdiyevin bu günü vəhşi təbiətə dair çəkilən sənədli filmlərdən tanış olan mənzərəni xatırladır: qoca və xəstə şir qəbiləsindən qovulur və o, bir tərəfə çəkilərək son gününü gözləyir.
Kədərli aqibətdir.
Xalid KAZIMLI,
Musavat.com