Qüdrət Həsənquliyev: “İntriqalarla yox, iqtisadi güclənmə ilə məşğul olmalıyıq”
Gündəm
1104
12 Oct 2025 | 18:31

Qüdrət Həsənquliyev: “İntriqalarla yox, iqtisadi güclənmə ilə məşğul olmalıyıq”

Azərbaycanın beynəlxalq nüfuzu hər keçən gün daha da güclənir. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması da bunun ən parlaq sübutudur. Bu, ölkəmizin regionda və dünyada sülhün, sabitliyin və əməkdaşlığın vacib tərəfdaşı kimi qəbul edilməsinin göstəricisidir.
 
Moderator.az-ın suallarını cavablandıran Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın bu sammitdə iştirakının əhəmiyyətindən, həmçinin son günlər müxalif qüvvələrin fəaliyyətinə dair yayılan məlumatlardan danışıb.
Müsahibəni təqdim edirik:
 
- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvət olunmasını necə qarşıladınız?
 
- Bu, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan iki dost xalq arasında sülhə töhfə vermək üçün əlindən gələn hər şeyi edəcək. İnsanların həyatını xilas, sülhə xidmət etməkdən müqəddəs və şərərfli iş nə ola bilər ki?
Mən çox məmnunam ki, biz, bir dövlət olaraq, qardaş Türkiyə ilə birlikdə həmin sammitdə iştirak edəcəyik. Başqaları ilə birlikdə çalışacağıq ki, o müqəddəs torpaqlara sülh gəlsin. İnşallah bu işlərimizə görə Allah bizi bir xalq olaraq mükafatlandırar.
 
- Qüdrət bəy, son günlər hansısa müxalif partiyaların bir araya gəlməsi və hansısa məmura, yaxud nüfuzlu şəxslərə qarşı onlardan, iş adamlarından istifadə olunmasına dair məlimatlar yayılmaqdadır. Sizin müşahidələriniz nə deyir?
 
- Bu xalqdan gələn sifariş deyil. Hansısa xarici, yaxud daxili qruplaşmaların sifarişi ola bilər. Görünür kimlərisə qorxudub ya öz qruplarına qoşmaq, ya da bu alınmasa ləkələyib siyasi səhnədən uzaqlaşdırmaq istəyirlər. Prezident özünə və dövlətə sadiq şəxsləri qorumağı bacarıb, düşünürəm nüfuzunun pik nöqtəsində bunu etmək isə daha asandır. Ölkədə sabitliyin yüksək səviyyədə təmin olunduğu bir vaxtda intiriqalarla yox, iqtisadiyyatımızın gücəndirilməsi barədə düşünməli və fəaliyyət göstərməliyik. İslahatların aparılmasını təhlükə kimi göstərmək yox, onun həyata keçirilməsi üçün Prezidentə dəstək olmalıyıq. Zorla nələrinsə baş verdiyini təqdim etmək istəyənlər, ancaq özlərini biabır edəcəklər. Hazırda iqtidarla müxalifət arasında normal əməkdaşlıq mövcuddur və bu yolla da davam etməliyik.
Link kopyalandı!
Son xəbərlər