NAXÇIVAN SAZİŞİ ÜMUMTÜRK TARİXİNİN ZİRVƏSİDİR
Gündəm
182
17:52, Bu gün

NAXÇIVAN SAZİŞİ ÜMUMTÜRK TARİXİNİN ZİRVƏSİDİR

Böyük xalqların taleyində elə günlər vardır ki, zaman keçsə də, öz əhəmiyyətini itirmir, əksinə, tarixin yaddaşına dərin izlər salaraq gələcək nəsillərə yol göstərən mənəvi çırağa çevrilir. Türk xalqlarının ortaq tarixi və taleyi də belə anlarla zəngindir. Əsrlər boyu eyni mədəniyyətin, eyni dilin, eyni dəyərlərin daşıyıcıları olan türk dövlətlərinin müstəqilliklərini bərpa etdikdən sonra qarşıya qoyduqları ən mühüm vəzifə yalnız siyasi müstəqilliyi qorumaq deyil, həm də ortaq köklərə söykənən strateji birliyi qurmaq idi. O birlik ki, təməli yalnız tarixi və emosional bağlılıqla yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənən sabit hüquqi sənədlərlə möhkəmləndirilməli idi. Məhz bu tarixi zərurət 16 il öncə, 3 oktyabr 2009-cu il tarixində Şərqin ən qədim dövlətçilik mərkəzlərindən biri olan Naxçıvan torpağında öz siyasi-hüquqi ifadəsini tapdı.
 
Naxçıvan Sazişinə gedən yol uzun və mərhələli idi. 1992-ci ildən etibarən keçirilən Türkdilli Ölkələrin Zirvələri dövlətlərarası münasibətlər üçün mühüm platforma rolunu oynamış, 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaradılması ilə türk xalqları arasında mədəni əlaqələr dərinləşmiş, 2006-cı ildə Qazaxıstan Respublikasının sabiq Prezidenti Nursultan Nazarbayev bu dialoqun institusional quruma çevrilməsi təklifi ilə çıxış etmiş və 2008-ci ildə Türk Dövlətlərinin Parlament Assambleyası- TÜRKPA-nın yaradılması ilə münasibətlər ilkin vahid siyasi dioloq formatına daşınmışdı. Lakin, bu ideyanın konkret hüquqi sənədə çevrilməsi zərurəti hələ də qalmış, yalnız 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə keçirilən tarixi Naxçıvan Zirvəsində mümkün olmuşdu. Məhz, bu mənada türk xalqlarının əsrlərdən gələn ortaq mədəniyyət, dil, tarix və mənəvi bağlarını müasir beynəlxalq hüquq müstəvisinə daşıyan, Avrasiya məkanında yeni geosiyasi vektor yaradan Naxçıvan Zirvəsi təsadüfi diplomatik addım deyil, türk xalqlarının keçmişə bağlılığını və gələcəyə yönəlmiş iradəsini təsdiqləyən, “Türk əsri”nin qapılarını aralayan mühüm tarixi hadisə olmuşdu. 
 
Sözsüz ki, Zirvənin Naxçıvanda keçirilməsi rəmzi və əlamətdar xarakter daşıyırdı. Çünki, Naxçıvan əsrlər boyu dövlətçilik ənənələrinin qorunub saxlandığı, milli iradənin sarsılmaz qalası rolunu oynayan, türk dünyasının ortaq tarixi yaddaşında müstəqillik və dövlətçilik simvolu kimi möhkəmlənmişdi. Təsadüfi deyil ki, ümumtürk məkanında Naxçıvana bu ali siyasi və ideoloji qiymət hələ müasir Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk tərəfindən “Türk dünyasının qapısı” kimi verilmişdi. Bu mənada Naxçıvanın suverenlik, müstəqillik, dostluq, qardaşlıq, əməkdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinin təməlini təşkil edən bir məkan kimi seçilməsi türk dövlətlərinin çoxtərəfli əməkdaşlığına əsalanan müvəqqəti siyasi dialoqdan hüquqi öhdəliklərə əsaslanan davamlı və sabit təşkilati formata çevrilməsində mühüm əhəmiyyət kəsb edirdi. 
Sazişin imzalanmasından sonra Türk Dövlətləri Təşkilatı qısa müddətdə regional əməkdaşlığın və inteqrasiyanın effektiv platformasına çevrildi. Dövlət Başçıları Şurasının ali qərarverici orqan, Xarici İşlər Nazirləri Şurasının diplomatik koordinasiya mərkəzi, Ağsaqqallar Şurasının isə tarixi bilik və siyasi təcrübəni strateji qərarlara yönəldən institut kimi fəaliyyət göstərdiyi Türk Dövlətləri Təşkilatı sonrakı mərhələdə coğrafi və siyasi təsir dairəsini genişləndi. 2019-cu ildə Özbəkistanın tam üzv olması, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu qazanması türk birliyinin qapalı regional mexanizm deyil, geniş əməkdaşlıq platforması olduğunu sübuta yetirdi. 
 
Türk Dövlətləri Təşkilatının formalaşması prosesində mühüm amillərdən biri üzv dövlətlərin liderlərinin siyasi və birmənalı iradəsi olmuşdur. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif zirvələrdə təşkilatın strateji əhəmiyyətini vurğulayaraq, onun türk xalqlarının gələcək inkişafının təminatçısı olduğunu dəfələrlə bəyan etmişdir. Dövlətimizin başçısı qeyd etmişdir:
 “Türk dünyasının birliyi artıq tarixi zərurətə çevrilmişdir. Bu birliyin əsasında ortaq dilimiz, ortaq tariximiz və ortaq mədəniyyətimiz dayanır. Naxçıvanda imzalanmış saziş türk dövlətlərinin birliyini hüquqi müstəviyə daşıyan ən mühüm siyasi aktdır.”
Cənab prezident bu fikirləri ilə Naxçıvan Sazişinin yalnız tarixi hadisə deyil, həm də gələcək nəsillərə yol göstərən strateji yol xəritəsi olduğunu bəyan etmişdi. Bununla yanaşı, 2024-cü il 14 fevral tarixində cənab Prezidentin Milli Məclisdə səsləndirdiyi tarixi nitq də bu qəbildən müstəsna əhəmiyyətə malikdir:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
 
  Bu gün Türk Dövlətləri Təşkilatı regionda siyasi sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafına, iqtisadi inteqrasiyanın gücləndirilməsinə və humanitar əməkdaşlığın dərinləşdirilməsinə töhfə verməklə Avrasiya məkanında mühüm güc mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi kimi təşəbbüslər türk dövlətlərinin birgə iradəsinin bariz nümunəsidir. Azərbaycan üçün isə Naxçıvan Sazişi milli maraqların təminatçısı olmaqla yanaşı, ölkəmizin türk dünyasında siyasi liderlik mövqeyini təsdiqləyən fundamental sənəddir. Bu mövqenin növbəti təsdiqi özünü 8 avqust tarixində Amerika Birləşmiş Ştatalarının Nyu-York şəhərində ABŞ Prezidenti Donalt Trumpın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında tarixi Vaşinqton Bəyannaməsinin imzalanmasında tapdı. Belə ki, Zəngəzur Dəhlizinin (Beynəlxalq Sülh və Rifah namizə Trump Marşrutu) açılması və Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya xəttlərinin bərpası ilə bağlı müqavilənin müvafiq maddələrinin paraflanması Mərkəzi Asiya türk dövlətlərindən Türkiyəyə, oradan Şimali Kiprə və Macarıstana qədər davam edən “Türk Yolu”nun reallaşması mənasına gəlir. 
 Nəticə etibarı ilə, Türk Dövlətləri Təşkilatının fəaliyyəti göstərir ki, ortaq iradə, vahid strateji qərarlar və qarşılıqlı etimad yalnız üzv dövlətlərin milli maraqlarını qorumaqla kifayətlənmir, həm də Avrasiya məkanında yeni geosiyasi reallıqların formalaşmasına və siyasi balanslaşma prosesinə təkan verir. Naxçıvan Sazişindən başlayan bu tarixi birlik yolu ortaq məqsəd və strateji iradə olduğu müddətdə türk dünyasını ali amalından döndərmək iqtidarında deyil. Hər kəs bilməlidir ki, tarixin türk xalqlarına bəxş etdiyi bu ortaq irs daim türk dünyasının yoluna məşəl, sabahına təminat olacaqdır. 
 
Yusif MİRZƏZADƏ
 
 
Link kopyalandı!
Son xəbərlər