AQC Bank Ekspertlər Şurasının ikinci iclası keçirildi
Gündəm
532
16 Jan 2025 | 18:20

AQC Bank Ekspertlər Şurasının ikinci iclası keçirildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının iclası keçirilib.
 
Bu barədə Cəmiyyətin sədri, Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc məlumat verib.
 
V.Oruc bildirib ki, iclasda Cəmiyyətin sədri, sədrin birinci müavini, icra aparatının rəhbəri, icra aparatının rəhbərinin müavini, ölkədə fəaliyyət göstərən 15 bankın nümayəndələri və AQC Bank Ekspert Şurasının rəhbərliyi iştirak edib:
 
"Tədbirdə bank sektoru ilə qiymətləndirmə sektoru arasındakı münasibətlər, "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulundan və Qiymətləndiricilər Palatasının yaradılmasından sonra sektordakı mövcud vəziyyət müzakirə olunub, problemlərin həlli üçün təkliflər səsləndirilib. Eyni zamanda banklarda çalışan və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda uğur əldə edərək şəhadətnamə alan qiymətləndiriclərin hüquqi statusu müzakirə edilib, müvafiq bankların və AQC-nin hüquqşünasları ilə bu vəziyyətin yenidən dəyərləndirilməsi qərara alınıb. Əlavə olara Bank Ekspert Şurası Palataya müraciət etmək qərarına gəlib ki, bank qiymətləndiricilərinin və Palatada təmsil olunan təhsil işçilərinin illik üzvlük ödənişlərini müəyyən edəndə onların Palata üçün əhəmiyyəti nəzərə alınsın və endirimli, yəni aşağı məbləğlər müəyyən olunsun. Çünki bank və təhsil işçiləri biznesi olan Palata üzvləri deyil, onların yüksək məbləğli ödənişlər etmək imkanları yoxdur və Bank Ekspertlər Şurası ümid edir ki, Palatanın ümumi yığıncağı üzvlük haqqının ödənişini müəyyən edəndə məhz bu amili nəzərə alacaq. Bu iki təbəqənin iştirakı Palatanın intellektual səviyyəsini, qarşıda qoyduğu hədəflərə çatmaq istiqamətində atacağı addımların daha məhsuldar olmasını təmin edən amillərdir. Yüksək məbləğlər təyin edərək bu şəxslərin Palatadan kənarda saxlanılması yolverilməzdir. 
 
V.Oruc bildirib ki, iclasda AQC Bank Ekspert Şurasının sədri Hikmət sadıqovun təklifi ilə müvafiq dövlət qurumlarına, habelə əsas tənzimləyici qurum olan İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qərara alınıb ki, Palatanın yanında İctimai Şura təşkil olunsun:"Həmin şurada Azərbaycan Mərkəzi Bankının, AQC-nin, habelə Palata ilə əlaqəli fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri təmsil olunsun ki, bu Palatanın əhəmiyyətini, inzibati çəkisini daha da artırsın və hazırda onun qarşısında olan büdcənin təşkili, inzibati resursların əldə olunması, ofis və digər məsələlərin həlli istiqamətində addımlar atılması üçün mühüm əhəmiyyətə malik olsun. Yəni bu problemlərin həlli üçün Palata dövlət qurumlarının da dəstəyini əldə edə bilsin. Bir daha vurğulayırıq ki, AQC qiymətləndirmə sekrorunun inkişafında Palataya bütün istiqamətlərdə yardım etməyə hazırdır", - deyə sədr əlavə edib.              
 
Xatırladaq ki, Bank Ekspertlər şurası 29 yanvar 2024-cü il tarixində yaranıb və hazırda ölkədə fəaliyyət göstərən 15 bank (“Paşa Bank” ASC; “Azərbaycan Beynəlxalq Bankı” ASC; “Kapital Bank” ASC; “Access Bank” QSC; “Expressbank” ASC; “Bank of Baku” ASC; “Ziraat Bank Azərbaycan” ASC; “Unibank”  ASC; “Rabitəbank” ASC; “Yelo Bank” ASC; “Yapı Kredi Bank Azərbaycan” QSC; “Bank Avrasiya” ASC; “Bank VTB Azərbaycan” ASC; “Premium Bank” ASC; “Bank Respublika” ASC) və AQC rəhbərliyi Şuraya daxildir.
 
 
 
Link kopyalandı!
Son xəbərlər