Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına İstintaq Komitəsinin mərkəzi aparatının təcrübəli əməkdaşları cəlb olunduğunu bildirib.
Tərəflər Azərbaycan Hava Yolları QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı birgə araşdırma planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bastrıkin qeyd edib ki, hazırda kompleks istintaq hərəkətləri həyata keçirilir. Məqsəd baş vermiş faciənin bütün səbəb və şəraitini müəyyən etməkdir.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.