Şanlı Zəfərimizin təcəssümü -“Kəlbəcər Şəhəri Günü”
Gündəm
328
09:48, Bu gün

Şanlı Zəfərimizin təcəssümü -“Kəlbəcər Şəhəri Günü”

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, uzun illər düşmən işğalında qalmış Kəlbəcər rayonunun azad edildiyi gün - 25 noyabr “Kəlbəcər Şəhəri Günü” kimi müəyyən olunub. Bu, şanlı Zəfərimizin təcəssümü kimi yaddaşlarda əbədi qalacaq. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı qətnaməsinə əsasən işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi. Dünyada baş alıb gedən ikili standartlar və siyasi riyakarlıq edən beynəlxalq təşkilatlar isə qətnamənin icrasını tələb etmədi. Bu havadarlıq Ermənistanı daha da azğınlaşdırdı. İşğalçı Ermənistan xarici havadarlarına güvənərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başladılar.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
 
 
Hüquq müdafiəçisi Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin işğalından söhbət açaraq deyib ki, bu rayon 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olundu. İşğal zamanı faşist xislətli Ermənistan ordusu 511 nəfər dinc həmvətənlimizi qəddarcasına öldürdü, 321 nəfər isə əsir götürüldü. İşğalçı ordu Kəlbəcərin meşələrini məhv etmiş, təbii sərvətlərini mənimsəmişlər. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdi. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Ermənistan bütün bunlara sahib olmaq istəyirdi. Lakin çirkin niyyətləri ürəklərində qaldı. Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bəyan etmişdir ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq və nəyin bahasına olursa-olsun, ərazilərini düşmən tapdağından azad edəcək.
 
Ç.Qənizadə 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusunun bütün sərhəd boyu başladığı təxribatları xatırladaraq deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin ilk zərbəsindən sonra düşmən layiqli cavabını aldı və tədricən geri çəkildi. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin başladığı uğurlu siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq Ermənistan rəsmən təslim oldu. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
 
Hüquq müdafiəçisi deyib ki, Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini təsdiqlədilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Tanınmış hüquqşünas sözünə davam edərək bildirib ki, bu qədim yurd yerimiz azad edildikdən dərhal sonra burada quruculuq, bərpa işlərinə başlanıldı ki, kəlbəcərlilər qısa zamanda doğma yurdlarına qayıda bilsinlər.
 
Ç.Qənizadə Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərlərindən söhbət açaraq deyib ki, həmin gündən rayonda yenidənqurma, tikinti-abadlıq işlərinin əsası qoyuldu. Dövlət başçımızın səfəri zamanı verdiyi vədlər bu gün artıq reallığa çevrilib. Möhtərəm Prezidentimiz demişdi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu su Kəlbəcərdə istehsal olunurdu. İndi İsti su da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq.
 
“Dövlətimizin başçısı həmişə olduğu kimi, bu vədinə də sadiq qaldı. Bu gün Kəlbəcərdə yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Yollar abadlaşdırılır, infrastruktur yenidən qurulur. Kəlbəcərin əvvəlki şöhrəti tədricən özünə qaytarılır. Günün mübarək Kəlbəcər!”, - deyə Ç.Qənizadə bildirib.
Link kopyalandı!
Son xəbərlər