Arzu Nağıyev: “Dünya bu faktlar əsasında ermənilərin əsir və girovlara necə dəhşətli işgəncələr verdiyinə bir daha şahid olur”
Artıq xeyli vaxtdır ki, işğaldan azad edilən ərazilərimizdə ermənilər tərəfindən ağır işgəncələrlə qətlə yetirilən soydaşlarımızla bağlı yeni qalıqlar aşkarlanmaqdadır. Şuşa həbsxanası ərazisində aşkarlanan qalıqlar da bu qəbildən olan nümunələrdən biridir.
Hərbi Prokurorluğun əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, digər əsirlərimiz kimi, bu əsirlər də ermənilər tərəfindən qeyri-insani münasibətə məruz qalıb, ağlasığmaz vəhşiliklərlə qətlə yetirilib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Hərbi Prokurorluq tərəfindən ortaya çıxarılan bu cür faktların erməni faşizminin beynəlxalq müstəvidə ifşası baxımından böyük önəm kəsb etdiyini bildirib:
“Hərbi Prokurorluğun əsir və girovlarımızın amansız işgəncələrlə qətlə yetirilməsi ilə bağlı ortaya çıxardığı faktlar bir çox baxımdan, eləcə də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Məhz bu cür faktlar sayəsində dünya erməni faşizminin Azərbaycan xalqına qarşı hansı cinayətlər törətdiyini görür, “məzlum erməni” obrazının nə qədər əsassız və cəfəng olduğunu anlayır. Bu faktlar ölkəmizə imkan verir ki, erməni yalanlarına qarşı öz həqiqətimizlə mübarizə aparaq, onların boş iddialarına qarşı konkret faktlar təqdim edək. Məlum faktlar əsasında bütün dünyaya göstərək ki, terror və işgəncə erməni xislətinin amansız tərkib hissəsidir və onlar hər zaman hərbçilərimizlə yanaşı, günahsız insanlara, dinc sakinlərə, mülki vətəndaşlara qarşı bu cür dəhşətli amansızlıq sərgiləyiblər.
Hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdiyi cinayətlərin araşdıdırılması, erməni vəhşiliklərinin ifşası prosesi bundan sonra da davam etdirilməlidir. Bu, həm tarixi həqiqətlərin üzə çıxarılması, həm də erməni vandalizminin beynəlxalq səviyyədə ifşası baxımından olduqca vacibdir”.
Seymur ƏLİYEV