
Tamam Cəfərova: “İki dövlət arasında imzalanan strateji sənədlər bundan xəbər verir”
“Dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Bu baxımdan Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin növbəti təzahürüdür. Qeyd etməliyik ki, Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu xüsusda, Azərbaycan və İsrailin sivilizasiyalararası dialoq müstəvisində atacaqları addımların həm türk və islam dünyası, həm də Qərb və Şərq sivilizasiyaları arasında əməkdaşlıq körpüsünün möhkləmləndirilməsi üçün mühüm əhəmiyyəti olduğunu deməliyik. Xüsusilə qeyd etməliyik ki, iki ölkə arasında imzalanan ciddi strateji sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcək”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan və İsrail arasında siyasi münasibətlər yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd etmək lazımdır ki, Azərbaycan–İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd olunmalıdır ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib. Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmanın müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilir. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Bu haqda cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda deyib: “ Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”. Qeyd etməliyik ki, bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Baxmayaraq ki, bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır, lakin bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır.
Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcək deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu, Prezident İlham Əliyevin diplomatik addımıdır. Cənab İlham Əliyevin tolerant siyasəti, uğurlu strateji addımları nəticəsində Yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan dostluğu və qardaşlığı, eləcə də, Azərbaycan və İsrail dövlətinin dostluğu daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Artıq iki ölkə arasında əməkdaşlığın yeni perpektivləri istiqamətində fəal iş aparılması qarşıya qoyulan hədəflərdən biridir. Beləki, irriqasiya və kənd təsərrüfatı, eləcə də, kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəal əməkdaşlığa başlanması istiqamətində işə başlanılmışdır. Bu barədə ölkə Başçıları tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Qeyd edək ki, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılması nəticəsində Azərbaycan İsrailin müsbət təcrübəsini əldə edərək, ixrac bazarını şaxələndirmək niyyətindədir. Həmçinin, kibertəhlükəsizlik sahəsi bu gün dünyada mühüm reallıq kimi dövlətlərin qarşısında duran bir sahədir. Şübhəsiz ki, kibertəhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyinin vacib hissəsidir. Bu istiqamətdə də İsraillə əməkdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan və İsrail arasında mövcud olan əlaqələrin gələcəkdə də daha genişlənəcəyinin və ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf edəcəyinin əyani göstəricisidir.
Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün dünyada baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm amil ola bilər. Millət vəkili Tamam Cəfərova belə deyib.





























