Fəzail Ağamalı: “Tehran və İrəvanın bu təzyiqə davam gətirməsi mümkünsüzdür”
“Dövlət başçısının siyasi gedişləri Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir”
Ölkə Prezidentinin bir neçə gün öncə Qazaxıstana səfəri ciddi əhəmiyyət kəsb edir. Bu, təkcə iki dövlət arasındakı münasibətlərin daha yüksək səviyyədə inkişafına xidmət edən səfər deyil. Bu, həm də beynəlxalq əhəmiyyət kəsb edən bir səfərdir”.
Bunu Moderator.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olmaq məqsədi ilə faktiki olaraq böyük ittifaq formalaşdırıb:
“Son vaxtlar Ermənistan İranın təkidi və təzyiqi ilə Zəngəzur dəhlizinin açılmasına ciddi şəkildə mane olur. Çinin “Bir kəmər, bir yol” layihəsində yer alan iki komponent var. Bunlardan biri Orta Dəhliz, digəri isə Zəngəzur dəhlizidir. Bunlar bir-birini tamamlayır və faktiki olaraq Avropa ilə Asiya arasında ən əlverişli, ən qısa ticarət yolu açır.
Prezident İlham Əliyev bundan öncə Tacikistana səfər etdi, bu dövlətin prezidenti ilə görüşdü. Tacikistanla Azərbaycan arasında yüksək səviyyəli danışıqlar baş tutdu. Düşünürəm ki, Tacikistan da bu layihənin içərisindədir.
Azərbaycanın Qırğısıztan və Özbəkistanla da yüksək münasibətləri var. Orta Asiyada Orta Dəhlizin açar dövləti olan Qazaxıstanla bu məsələnin müzakirəsi aparmaq, bu layihənin həyata keçirilməsinə Qazaxıstanın dəstəyinə nail olmaq son dərəcə vacib idi. Azərbaycanın dövlət başçısı bunu çox böyük bacarıqla həyata keçirdi. Bu, Qazaxıstanın da maraqlaırna uyğun idi.
Əslində, Azərbaycan Prezidentinin olduqca ciddi və böyük məharətlə həyata keçirdiyi gedişlər Ermənistanı və İranı çıxılmaz vəziyyətə salıb. Güman etmirəm ki, Ermənistan və İran Çinin təzyiqləri qarşısnda dayana bilsin. Bu, sadəcə mümkünsüzdür. Ermənistan-İran birliyinə qarşı Çindən başlayaraq Türkiyə, Avropa İttifaqına qədər böyük bir coğrafiyada çoxsaylı dövlətlərin vahid mövqeyi formalaşıb. Bu baxımdan, cənab Prezidentin atdığı addımlar Zəngəzur dəhlizinin açılması baxımından xüsusi önəm kəsb edir.
Bu, eyni zamanda Türk Dövlətlər Təşkilatının möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir”.
Seymur ƏLİYEV