Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün 14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günüdür.
Moderator.az bu münasibətlə Respublikanın baş endokrinoloqu, deputat Rafiq Məmmədhəsənova müraciət edib.
Onun sözlərinə görə hal-hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 206 min diabetli xəstə var. Amma real diabetli xəstələrin sayı bundan çoxdur:
"Diabetə meylli insanlar da xeylidir. Dövlət tərəfindən diabetlə mübarizə üçün xüsusi proqram qəbul olunub. Həmin dövlət proqramına uyğun olaraq xəstələr insulinlə, şəkərsalıcı həblərlə, şəkərölçmə aparatları ilə təmin olunur. Bu il də dövlət tərəfindən kifayət qədər vəsait-36 milyon manat ayrılıb ki, bu tip xəstələrə lazım olan tibbi yardımlar göstərilsin. Əvvəllər ancaq Bakı şəhəri üzrə bu vəsaitləri səhiyyə şöbələrinə verirdilər, ancaq bölgə rayonların icra hakimiyyətləri mərkəzləşmiş qaydada bu vəsaiti özləri alırdılar deyə bəzən həmin pullar təyinatı üzrə xərclənmirdi. İndi diabetə qarşı mübarizə üçün ayrılan vəsait bir əldə cəmləşib və Səhiyyə Nazirliyi bu işi aparacaq. Hər il xəstələrin sayı 2 faiz artığına görə bu vəsaitlər də hər il 15 faiz artırılacaq."
R. Məmmədhəsənovdan diabetli xəstələr üçün xüsusi sanatoriyaların hələ də yaradılmaması səbəblərini soruşduq. Bildirdi ki, o məsələ hələ həllini tapmayıb və o bir neçə dəfə bu məsələni parlamentdə qaldırıb, hətta deputat həmkarı Səttar Mehbalıyevdən də xahiş edib ki, konfederasiyanın balansında olan sanatoriyalarda diabetli xəstələr üçün 20-30 çarpayı ayrılsın, ancaq hələ bir yenilik yoxdur.