Cari ilin 12 noyabr tarixində cəbhə xəttinin Ağdam istiqamətində ermənilərə məxsus Mi-24 tipli döyüş helekopterinin vurulması anını özündə əks etdirən video görüntü cəmiyyətdə böyük marağa səbəb oldu. Düşmən helikopterinin məhvini anbaan özündə əsk etdirən bu görüntülərin meydan çıxmasından təxminən 24 saat sonra bu görüntülərdən heç də az maraq kəsb etməyən daha maraqlı bir məqam ortaya çıxdı. Məlum oldu ki, sözügedən video görüntünün kim tərəfindən yayıldığı heç kəsə məlum deyil. Baş verənlərlə bağlı açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında həmin görüntünün jurnalistlərə məxsus olmadığını bildirdi: “Helikopterin vurulma anını hansısa jurnalist lentə ala bilməzdi. Belə olan halda həmin görüntünün medianın əlinə necə düşməsi də sual doğurur. Düşünürəm ki, bu, ciddi şəkildə araşdırılmalıdır. Hansısa naşılıq və sui-istifadə varsa, aradan qaldırılmalıdır. Məsələyə kompleks yanaşılmalıdır”
Beləliklə də, bu gün məlum videogörüntünün yayılması ilə bağlı
bütün məsuliyyətin birmənalı şəkildə Azərbaycan Silahlı Qüvvələrinin üzərində
qalıb ki, bu da bütün qabaqlayıcı tədbir
və təlimatlara rəğmən hələ də bu sahədə müəyyən problemlərin mövcud olduğunu
göstərir.
Cəmiyyətin müəyyən dairələrində
narahatlıq doğruran başqa bir məqam isə düşmən helikopterini məhv edən hərbçimizin
isminin açıqlanması ilə bağlıdır. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, düşmən
helikopterini sıradan çıxardan hərbçinin
isminin elan edilməsi həmin hərbçi və onun ailə üzvləri üçün müəyyən
risk təşkil edir. Bu baxımdan da bəzi insanlar bu məlumatın gizli
saxlanılmasının daha məqsədəuyğun ola biləcəyi qənaətindədirlər.
Bütün bunlarla bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər” İctimai
Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı maraqlı
fikirlər səsləndirdi:
“Dünənki qeydlərimdə vurğulamışdım ki, vurulan erməni helekopteri ilə
bağlı söz-söhbətlər hələ uzun müddət müzakirələrə səbəb olacaqdır.Bu da təbiidir.
1994-cü ilin məlum atəşkəs sazişindən sonra ilk dəfə idi ki, Ermənistan Silahlı
Qüvvələrinin bu miqyasda itkiləri oldu. Həm döyüş texnikası, həm də 3 nəfər peşəkar
hərbi pilotun itirilməsi sözsüz ki, qarşı tərəfi sonsuz şəkildə qıcıqlandırıb.
İndi həm ermənilər, həm də onların havadarları az qala aləmi qatıblar bir-birinə
ki, qoymayın Azərbaycan ordusu bizi qırıb-çatır. Əslində isə, real vəziyyət
ondan ibarətdir ki, "oğru elə qışqırır ki, doğrunun bağrının yarmaq istəyir".
Dünən gecədən başlayaraq isə düşmən
vertolyotunun vurulması ilə bağlı yayılan həvəskar videonun kim tərəfindən,
hansı şəraitdə yayılması ilə bağlı çox ciddi müzakirələr başlayıb. Hətta bu
"vacib işin" təşəbbüskarları Mətbuat Şurasının sədri Əflatun Amaşovu
da bu məsələnin araşdırılmasına cəlb etməyə cəhd ediblər. Və MŞ-nın sədri də bu
məsələdə məsuliyyəti ordunun üzərinə atib. Necə deyərlər, olsun. Əslində bu
yayılan videonun ortalıqda olması bizə heç bir zərər gətirmir və gətirə də bilməz.
Əksinə isə, hesab edirəm ki, bu videonun ortalığa çıxması
yaxşı oldu və bütün dünya gördü ki, erməni qəsbkarları açıq-aydın şəkildə
qoşunların təmas xəttində özlərini necə təxribatçı kimi aparmağa cəhd edirlər və
sonlarını da hamı gördü. Bu hadisə bizə bir daha unikal imkan yaradır ki, biz
bir dövlət olaraq bütün dünyaya Ermənistanın işğalçılıq siyasətini sübut edək.
Heç kimdən də qorxmaq və çəkinmək lazım deyil. ATƏT, Avropa Parlamenti, BMT və
digər irili-xırdalı ölkələr danışmazdan öncə yadlarına salsınlar ki, Ermənistan
SQ-nin döyüş helikopterinin Azərbaycanın Ağdam rayonu ərazisində nə ölümü vardı
ki, indi hamı düşüb ölkəmizin üstünə ki, bu danışıqlar prosesinə ziyan gətirəcək.
Mən əsla belə düşünmürəm və hesab edirəm ki, bu hadisədən sonra həm Ermənistan,
həm də onun züy tutanları yaxşı-yaxşı fikirləşməli olacaqlar.
Mən də razıyam ki, belə məsələlərdə mərkəzləşmiş
qaydada informasiya siyasəti yeridilsə, daha yaxşı olar. Yəqin ki, gələcəkdə bu
hallar da nəzərə alınacaqdır”.
Ü.Cəfərov
düşmən helikopterini vuran şəxsin kimliyinin elan edilməsi ilə bağlı müzakirələrə
də aydınlıq gətirdi:
“ Bəzi
vətəndaşlarımızın helekopteri vuran şəxsin kimliyinin elan edilməsi ilə bağlı həmin
şəxs və onun ailə üzvləri üçün müəyyən riskin olub-olmamasi ilə bağlı
narahatçılığı ilə bağlı onu qeyd etmək istəyirəm ki, narahatçılığa heç bir əsas
yoxdur. Ermənilərə haqq savaşımızda qan udduran yüzlərlə qəhrəman oğul və
qızlarımız olub və hazırda da onlar həm ölkə daxilində, həm də ölkəmizdən kənarda
müxtəlif sahələrdə çalışır və fəaliyyət göstərirlər. Mən erməni döyüş
vertolyotunu vuran sərrast çavuşumuz İlkin Muradovu bir daha ürəkdən təbrik
edirəm və ona gələcək xidmətlərində böyük nailiyyətlər arzulayıram. Mənim dərin
inamıma görə, həm bu qəhrəman döyüşçümüz üçün, eləcə də digər hərbçi
oğullarımıza görə heç bir risk, qorxu ola bilməz və yoxdur. Burda da, mən əksinə
hesab edirəm ki, xalq öz qəhrəmanlıq göstərmiş layiqli övladını yaxından
tanımalıdır”.
Seymur
Əliyev