Əyyub Kərimovdan Çingiz Qənizadəyə dəstək
Gündəm
4797
14 Nov 2014 | 11:10

Əyyub Kərimovdan Çingiz Qənizadəyə dəstək

Xəbər verildiyi kimi, millət vəkili Çingiz Qənizadə polis və prokurorluq sistemində çalışan müstəntiqlərin iş yükünün azaldılması təklifi ilə çıxış edib. Millət vəkilinin fikrincə, hazırda müstəntiqlərin iş yükü həddindən artıq çoxdur ki, bu da bəzi hallarda müəyyən problemlərə səbəb olur.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov Ç.Qənizadənin təklifinə müsbət yanaşdığını vurğuladı: “Ç.Qənizadə müstəntiqlərin sayının arıtırlması ilə bağlı fikir səsləndirib. Doğrudan da polisin istintaqında çox biabırçı bir vəziyyət yaranıb. Ona görə ki, iş yükü həddindən artıq çoxdur. Mən bir nümayəndə kimi çıxdığım proseslərdən də görürəm ki, bəzən bir müstəntiqin icraatında 20-dən yuxarı iş olur. 20-dən yuxarı iş olan müstəntiq isə təbii ki, bu işləri keyfiyyətlə apara bilməz. Bu, mümkünsüzdür. Bir əlində iki yox, 15-20 qarpız tutmalı olur. Çingiz bəylə çox məsələdə fikir ayrılığımız ola bilər. Amma bu məsələdə mən onun fikrini dəstəkləyirəm. Hesab edirəm ki, polisin  istintaqında müstəntiqlərin sayı artırılmalıdır. Digər tərəfdən bu müstəntiqlərin əmək haqqı da artırılmalıdır”.

Ə.Kərimovun fikrincə, bu gün müstəntiqlərin icraatındakı işlərin sayına nəzər salsaq bəlli olar ki, müstəntiq aldığı bütün əmək haqqını bu işlərlə bağlı ekspertiza və digər araşdırmalara sərf edir: “Özümüzün özümüzü aldatmağımıza ehtiyac yoxdur. Çingiz bəy göstərir ki, müstəntiqlərin icraatında 15-16 iş var. Mənsə söyləyirəm ki, bu rəqəm daha çoxdur. Elə müstəntiq var ki, onun icraatında 30-a yaxın iş var. Ay ərzində bu müstəntiqlər ekspertizanın keçirilməsi, Kürdəxanıya gedib-gəlmək, nəqliyyat məsrəfi və s. məqsədlərlə vəsait sərf edir. Bunları nəzərə alsaq o zaman belə çıxır ki, müstəntiq bütün əmək haqqısını bu xərclərə sərf edir. O zaman belə bir sual meydana çıxır. Madam ki, müstəntiq bütün əmək haqqısını bu işlərə sərf edir, o zaman bəs özü nə ilə dolanır? Deməli, bu müstəntiq işini apardığı adamların əlinə və cibinə baxmalıdır. Iş yükü çox, əmək haqqı isə olduca aşağıdır. Təbii, burada keyfiyyət amilinə də diqqət yetirmək lazımdır. Müstəntiqlərinin sayının arıtırlması, amma işin keyfiyyətinin aşağı düşməsi də məqbul hesab edilə bilməz. Polisdə keyfiyyətli iş olması üçün müstəntiqlərin sayı, onların əmək haqqı da arıtırlmalıdır. Yalnız bundan sonra onlardan keyfiyyətli iş tələb oluna bilər. Bəzən müstəntiq cinayət işinin başlanması ilə bağlı rədd qərarı yazır, ancaq prokuror həmin qərarı ləğv edir. Müstəntiq prokurorluğöun heç bir göstərişini yerinə yetirmədən, prokurorluğun ləğv qərarı gələn kimi yenidən əvvəlki rədd qərarını köçürür, sadəcə tarixi dəyişir və bir dənə də rəy yazır. Onun başqa çarəsi yoxdur. Çünki onun vaxtı yoxdur. Çıxdığım işlərlə bağlı mənim müstəntiqlərlə söhbətlərim olur. Onlar vaxt qıtlığından şikayətlənirlər. Hətta bəzi polis müstəntiqlərinin işdən getməklə bağlı ərizələri var. Polis idarə və bölmələrində müstəntiqlərin öz rəisi var. Digər tərəfdən prokurorluğun, şəhər prokurorluğunun, DİN-nin Baş İstintaq İdarəsinin nəzarəti var. Habelə, Respublika Prokurorluğunun  və bir də DİN-nin nəzarəti var. Müstəntiqlərin isə şikayətləri araşdırmaq, bununla bağlı araşdırmalar aparmaq üçün vaxtı olmur. Odur ki, mən Çingiz bəyin fikri ilə tamamilə razıyam. Hesab edirəm ki, müstəntiqlərin iş yükü azaldılmalıdır. Ən çoxu da polisdəki müstəntiqlərin iş yükü zaldılmalı, əmək haqları artırılmalıdır. Ortada maddi maraq olmalıdır”.

Ə.Kərimovun sözlərinə görə, işin çoxluğu müstəntiqə keyfiyyətli iş ortaya qoymağa imkan vermir: “Icraatında 20 iş olan müstəntiq Şerlok Holms olsa, Doktor Uotson ona köməkçi işləsə də o, yenə də keyfiyyətli iş apara bilməz. Mən bütün bunları nəzərə alaraq çəkinmədən deyə bilərəm ki, polisdə ümumiyyətlə istintaq yoxdur. İndi 20 il əvvəlki dövr deyil. Hər polis idarəsində yalnız dələduzluqla əlaqədar 50-60 iş var. 50-60 material varsa, deməli 50-60 da cinayət işi var. Dələduzluq materiallarının araşdırılması çox vaxt aparan iş olduğu üçün bu kimi hallarda elə ilk gündən ciddi işləmək lazım gəlir. Müstəntiq rədd qərarını yazır və bir də görürsən bu qərardan şikayət olunur. Bir də görürsən ki, bir işlə bağlı 6-7 rədd qərarı var və bundan sonra həmin işlə əlqədar cinayət işi başladılır. Cinayət işi başlanan qədər işin keyfiyyəti ölür. Bu baxımdan müstəntiqlərin sayı ilə yanaşı onların maddi təminatına da diqqəti artırmaq lazımdır. DİN məsələ ilə bağlı müvafiq qurumlarla müzakirə aparmalıdır”.

Ə.Kərimov hesab edir ki, polis istintaqına təyin edilən müstəntiqlərin bilik səviyyəsi  də hökmən nəzərə alınmalıdır: “Bundan başqa, gələn müstəntiqlərin bilik səviyyəsinin yüksək olması da diqqət mərkəzində saxlanılmalıdır. Elə olmamalıdır ki, gələn müstəntiq hüquq fakultəsinin I kurs tələbəsi səviyyəsində olmasın. Polis idarə və bölmələrində çalışan müstəntiqlərin çoxunun hüquq təhsili yoxdur. Onlar Polis Akademiyasında təhsil alıb. Prokurorluq sistemində çalışanlar isə hökmən hüquq fakültəsini bitirən şəxslər olur və üstəlik onlar testdən keçəndən sonra bu vəzifədə çalışırlar. Prokurorluqda çalışan insanların hüquq fakültəsini bitirməsinə baxmayaraq, onları  bir də testdən keçirirlər. Polisdə isə Polis Akademiyasının diplomu ilə müstəntiq təyin olunurlar. Buna görə də bəzən onların o dərəcədə də hüquqi biliyi olmur. Polis Akademiyasının verdiyi təhsil hüquq fakültəsinin verdiyi təhsil deyil. Bu, reallıqdır. Müstəntiqlərin sayının artırılması keyfiyyətli kadrların hesabına təmin olunmalıdır. Sayı formal olaraq artırmağın heç bir faydası yoxdur”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər