Gündəm
5447
14 Nov 2014 | 11:06

"Məndən yaxşısı yoxdur" tezisi hamını uçuruma aparır”

Son vaxtlar Milli Şura tərəfindən keçirilən aksiyalarla bağlı yalnız adi vətədaşlar tərəfindən deyil, müxalif düşərgə təmsilçiləri tərəfindən də fərqli fikirlər səslənməkdədir. Belə ki, bəzi müxalif siyasilər hesab edir ki, Milli Şura və ya digər müxalif gücün azsaylı iştirtakçılardan ibarət aksiyalar keçirməsi müxalifətin nüfuzu baxımından o qədər də məqsədəuyğun deyil. Belə ki, bu aksiyalarda iştirak edənlərin sayının o qədər də çox olmaması müşahidə edilir ki, bu faktorun özü iqtidar tərəfindən müxalifətə qarşı uğurla istifadə edilir. Belə ki, iqtidar bu aksiyaları ictimaiyyətə xalqın müxalifətə dəstək verməməsinin əyani sübutu kimi təqdim edir.

Bundan başqa, bu aksiyalarda iştirak edən siyasilərin aksiyaya qatılmayan müxalif qüvvələrin ünvanına sərt ittihamlar səsləndirməsi də müşahidə edilir ki, bu da  bəzi müxalif dairələrində ciddi narazılıqla qarşılanır.

Bütün bunlarla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən VİP sədri Əli Əliyev öncə Milli Şuranın keçirdiyi aksiyalar və bu aksiyalarla bağlı səsləndirilən fikirləri şərh edib:

 “Milli Şuranın keçirdiyi aksiyalara həqiqətən fərqli yanaşmalar mövcuddur. Kimlərsə bu tədbirlərin dəyərini iştirakçı sayı tərəfdən, kimlərsə lazımlılıq əmsalı baxımından və s. qiymət verməyə çalışırlar. Tədbir təşkilatçılarının da aşırı münasibətləri olur. Beləki onlar da bu tədbirə qoşulmayanları olmazın iftira ilə damğalamağa çalışırlar. Hamının öz mövqeyini ifadə etmək haqqı var. Bu haqqı tanımaq lazımdır.
Fikrimcə, həmişəki kimi haqq qütblərdə deyil, məhz ortadadır. Hesab edirəm ki, belə ağır şərtlər altında müqaviməti təşkil etmək böyük fədakarlıqdır. İştirakçı sayı əmsal olmamalıdır. Ağır repressiyalar şəraitində, siyasi fəallığa nə daxili, nə dış səbəb olmadığı vaxtda belə tədbirlərin təşkili mühüm və bir o qədər də çətindir”.

Ə.Əliyevin sözlərinə görə, hazırda iqtidarın siyasi opponentlərini sıxışdırması müşahidə edilir ki, bu da məhz hakimiyyətin təbiəti ilə bağlıdır:

“İqtidar var gücü ilə siyasi opponentlərini siyasi meydandan sıxışdırır. Hakim komanda siyasi dəngəni tabanla deyil, güc ilə təsbit etməyə çalışır. Beynəlxalq aləmdə baş verən xaosdan yararlanaraq, daxili siyasi auditoriyanı öz iradəsinə tabe etdirmək, bu baş tutmadıqda əzmək mövcud siyasi elitanın davranış üslubudur. Son 21 illik idarəçilik dövründə YAP iqtidarı rüşeym vəziyyətində olan siyasi institutları darmadağın etməkdədir. Bu azmış kimi son yay mövsümü qeyri-hökümət sektorunun dayaqları sıradan çıxarıldı. Belə davranış güclü, ədalətli və demokratik yox, zəif və avtoritar hakimiyyətlərin xarakteridir”.

Ə.Əliyevin fikrincə, indiki məqamda ən vacib amil mübarizəni davam etdirmək, nəyin bahasına olursa-olsun təslim olmamaqdır:

“Bu dönəmdə təslim olmamaq ən vacib şərtdir. Onu da mitinq keçirib-keçirməsindən asılı olmayaraq, bir sıra təşkilatlar nümayiş etdirir. Kütləvi yığıncaq təşkilatçılarının mitinqləri də bu qəbildən olan tədbirlərdəndir”.

VİP sədri aksiya təşkilatçılarının mitinqə qoşulmayan digər müxalif qüvvələr haqqında ittiham xarakterli fikirlər səsləndirməsinin isə doğru olmadığını vurğuladı:

 “Bu suala gəldikdə isə digər tərəfin aşırı münasibətilə üzləşirik. Kim mənim kimi etmirsə, hakimiyyətin yanındadır prinsipi səhvdir, ən yumşağı ədalətsizlikdir. Əvvəla, bu bolşevik düşüncə tərzidir. Burada intellekt yoxdur. Siyasət, onu ifadə edən vizual görüntü 2 rəngdən ibarət deyil. Azərbaycanda bu düşüncə tərzini aşılamaq istəyən siyasi təbəqə fəhlə-kəndli inqlabını törətmişlərdən fərqlənmirlər.
Bütün cəmiyyətlərdə siyasi spektrin müxtəlif çalarları mövcuddur. Ən son nümunə Ukrayna hadisələri ola bilər. Maydanda Yanukoviçə qarşı duranların hamısı ümumi rəqibə qarşı birlikdə idilər. Lakin ümumi hədəf fəth edildikdən sonra, Parlament seçkiləri zamanı siyasi şəriklər bir andaca rəqibə çevrildilər. Orada da Lyaşko, Timoşenko və digər radikallar bizim Milli Şura misalı, seçkinin qalibləri Yatsenyuk və Poroşenkonu Moskva agenti adlandırırdılar. Hamı bilir ki, adı çəkilən mərkəzçi qüvvələr heç bir halda Moskva meylli deyildilər. Bu sadəcə radikal düşüncənin məhsuludur. Seçkilər ukraynalıların əsasən mərkəzçilərə səs verdiyini ortaya qoydu. Radikallar isə kvotanı çətinliklə aşdılar.
Azərbaycanda da buna bənzər siyasi taban mövcuddur. Toplum radikallığı sevmir, cəmiyyət rəvan, məxməri inkişaf istəyir. Bunu bizim radikallar da- hakimiyyətdə və müxalifətdə olmasından asılı olmayaraq, yaxşı bilir. Bu səbəbdəndir ki,qaragüruhdan məsafə saxlayanlara çamur atılır, onlar hakimiyyətlə işbirliyində ittiham olunur”.

Ə.Əliyevin bildirdiyinə görə, VİP heç vaxt YAP-la hər hansı gizli sövdələşmədə iştirak etməyib və  heç bir xarici qüvvənin planlarında hansısa formada yer almayıb:

 “Nə mən şəxsən, nə də rəhbərlik etdiyim qurum heç zaman YAP-la əməkdaşlıq edib, gizli sövdələşmələrdə olmayıb,xarici qüvvələrin maraqlarını ifadə edərək, mövqe sərgiləməmişik. Kim bunun əksini iddia edərsə, buyursun dəlil ortaya qoysun. Biz heç vaxt seçilmədən deputat olmamışıq, bağlı qapı arxasında bunlardan pul alıb ev, bağ almamışıq, pullarına istirahət etməmişik, ölkə daxilində olanlarımızda bunların izi, xaricdə isə əmlakımızın, bəzilərindən fərqli, tozu belə yoxdur. Milli maraqlarımızı da heç zaman nə Ərəb baharı, nə də Kreml layihəsi olaraq beynəlxalq hərraclara çıxarmamışıq”.

Ə.Əliyev xarici qüvvələrlə bağlı layihələrdə yer almağın heç bir halda Azərbaycanın maraqlarına cavab vermədiyini vurğuladı:

“Bir anlığa düşünək ki, 11-ci ildə AXCP-Müsavat cütlüyünün rəhbərliyi ilə fəaliyyət göstərən İctimai Palata Azərbaycanda da Ərəb baharına nail olsa idi, bizlər və dövlətimiz daha çox Misirə, Liviyaya, Suriyaya, yoxsa Yəmənə bənzəyəcəkdi? Bu dəyişiklikləri bizə vəd edirdilər? Bəlkə 13-cü ildə "Putini aldatmağa" köklənmiş bu qəhrəmanlar bizi Kremlin xəfif istilasından qurtaracaqdılar? Ukrayna hadisələri bir daha sübut etdi ki, VİP-in Prezident seçkiləri ilində tutduğu mövqe düz idi. Moskva heç zaman keçmiş respublikaların müstəqilliyini həzm etməyib. Hadisələrin trayektoriyası bizi növbəti istiladan, 21-ci əsrin Nərimanovlarını, Qarayevlərini isə qara lənətdən qorudu. Lakin hara qədər?
Hakimiyyətlə işbirliyindən çıxmış, onu bərpa cəhdləri boşa çıxanların başqalarını hakimiyyətə işləməkdə suçlama cəhdləri boşdur, becədir. Biz kiminsə ziqzaqvari siyasi hərəkət xəttini təkrarlamağa borclu deyilik. Onlar hesab edirlərsə ki, çıxış yolu siyasi düşmənçilikdədir-bu onların xəttidir. Bizlər bu yolu təqdir etmirik”.

VİP sədri vəziyyətdən çıxış yolunu sağlam rəqabət və mübarizədə gördüyünü vurğuladı:

 “Bizlərə görə qurtuluş sağlam rəqabətdə və mübarizədədir. İntellektual mübarizədə. Çünki müxalifət yalnız bu müstəvidə hakimiyyətə güc gələ bilər. Digər seqmentlərdə biz zəifik. Bizim haqlı olduğumuzu xalq da bilir. Biz siyasi mübarizədən təhlükə faktorunu uzaqlaşdırsaq, gücləri səmimi qaydada təmərküzləşdirə bilsək, seçicini inandırsaq, hakimiyyəti zəiflətmiş, prosesdə isə udmuş olarıq. Bunun alternativi yoxdur.
Qarşılıqlı ittihamlar kənara qoyulmalı, ötən əsrin sonlarındakı kimi hərəkatlaşmalıyıq. Bu günkü "Məndən yaxşısı yoxdur" tezisi hamını uçuruma aparır”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər