Son vaxtlar Milli Şura tərəfindən keçirilən aksiyalarla bağlı yalnız adi vətədaşlar tərəfindən deyil, müxalif düşərgə təmsilçiləri tərəfindən də fərqli fikirlər səslənməkdədir. Belə ki, bəzi müxalif siyasilər hesab edir ki, Milli Şura və ya digər müxalif gücün azsaylı iştirtakçılardan ibarət aksiyalar keçirməsi müxalifətin nüfuzu baxımından o qədər də məqsədəuyğun deyil. Belə ki, bu aksiyalarda iştirak edənlərin sayının o qədər də çox olmaması müşahidə edilir ki, bu faktorun özü iqtidar tərəfindən müxalifətə qarşı uğurla istifadə edilir. Belə ki, iqtidar bu aksiyaları ictimaiyyətə xalqın müxalifətə dəstək verməməsinin əyani sübutu kimi təqdim edir.
Bundan
başqa, bu aksiyalarda iştirak edən siyasilərin aksiyaya qatılmayan müxalif qüvvələrin
ünvanına sərt ittihamlar səsləndirməsi də müşahidə edilir ki, bu da bəzi müxalif dairələrində ciddi narazılıqla
qarşılanır.
Bütün
bunlarla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən VİP sədri
Əli Əliyev öncə Milli Şuranın keçirdiyi aksiyalar və bu aksiyalarla bağlı səsləndirilən
fikirləri şərh edib:
“Milli Şuranın keçirdiyi aksiyalara həqiqətən
fərqli yanaşmalar mövcuddur. Kimlərsə bu tədbirlərin dəyərini iştirakçı sayı tərəfdən,
kimlərsə lazımlılıq əmsalı baxımından və s. qiymət verməyə çalışırlar. Tədbir təşkilatçılarının
da aşırı münasibətləri olur. Beləki onlar da bu tədbirə qoşulmayanları olmazın
iftira ilə damğalamağa çalışırlar. Hamının öz mövqeyini ifadə etmək haqqı var.
Bu haqqı tanımaq lazımdır.
Fikrimcə, həmişəki kimi haqq qütblərdə deyil,
məhz ortadadır. Hesab edirəm ki, belə ağır şərtlər altında müqaviməti təşkil
etmək böyük fədakarlıqdır. İştirakçı sayı əmsal olmamalıdır. Ağır repressiyalar
şəraitində, siyasi fəallığa nə daxili, nə dış səbəb olmadığı vaxtda belə tədbirlərin
təşkili mühüm və bir o qədər də çətindir”.
Ə.Əliyevin
sözlərinə görə, hazırda iqtidarın siyasi opponentlərini sıxışdırması müşahidə
edilir ki, bu da məhz hakimiyyətin təbiəti ilə bağlıdır:
“İqtidar
var gücü ilə siyasi opponentlərini siyasi meydandan sıxışdırır. Hakim komanda
siyasi dəngəni tabanla deyil, güc ilə təsbit etməyə çalışır. Beynəlxalq aləmdə
baş verən xaosdan yararlanaraq, daxili siyasi auditoriyanı öz iradəsinə tabe
etdirmək, bu baş tutmadıqda əzmək mövcud siyasi elitanın davranış üslubudur.
Son 21 illik idarəçilik dövründə YAP iqtidarı rüşeym vəziyyətində olan siyasi
institutları darmadağın etməkdədir. Bu azmış kimi son yay mövsümü qeyri-hökümət
sektorunun dayaqları sıradan çıxarıldı. Belə davranış güclü, ədalətli və
demokratik yox, zəif və avtoritar hakimiyyətlərin xarakteridir”.
Ə.Əliyevin
fikrincə, indiki məqamda ən vacib amil mübarizəni davam etdirmək, nəyin
bahasına olursa-olsun təslim olmamaqdır:
“Bu
dönəmdə təslim olmamaq ən vacib şərtdir. Onu da mitinq keçirib-keçirməsindən
asılı olmayaraq, bir sıra təşkilatlar nümayiş etdirir. Kütləvi yığıncaq təşkilatçılarının
mitinqləri də bu qəbildən olan tədbirlərdəndir”.
VİP sədri
aksiya təşkilatçılarının mitinqə qoşulmayan digər müxalif qüvvələr haqqında
ittiham xarakterli fikirlər səsləndirməsinin isə doğru olmadığını vurğuladı:
“Bu suala gəldikdə isə digər tərəfin aşırı
münasibətilə üzləşirik. Kim mənim kimi etmirsə, hakimiyyətin yanındadır
prinsipi səhvdir, ən yumşağı ədalətsizlikdir. Əvvəla, bu bolşevik düşüncə tərzidir.
Burada intellekt yoxdur. Siyasət, onu ifadə edən vizual görüntü 2 rəngdən ibarət
deyil. Azərbaycanda bu düşüncə tərzini aşılamaq istəyən siyasi təbəqə fəhlə-kəndli
inqlabını törətmişlərdən fərqlənmirlər.
Bütün cəmiyyətlərdə siyasi spektrin müxtəlif
çalarları mövcuddur. Ən son nümunə Ukrayna hadisələri ola bilər. Maydanda
Yanukoviçə qarşı duranların hamısı ümumi rəqibə qarşı birlikdə idilər. Lakin
ümumi hədəf fəth edildikdən sonra, Parlament seçkiləri zamanı siyasi şəriklər
bir andaca rəqibə çevrildilər. Orada da Lyaşko, Timoşenko və digər radikallar
bizim Milli Şura misalı, seçkinin qalibləri Yatsenyuk və Poroşenkonu Moskva
agenti adlandırırdılar. Hamı bilir ki, adı çəkilən mərkəzçi qüvvələr heç bir
halda Moskva meylli deyildilər. Bu sadəcə radikal düşüncənin məhsuludur. Seçkilər
ukraynalıların əsasən mərkəzçilərə səs verdiyini ortaya qoydu. Radikallar isə
kvotanı çətinliklə aşdılar.
Azərbaycanda da buna bənzər siyasi taban
mövcuddur. Toplum radikallığı sevmir, cəmiyyət rəvan, məxməri inkişaf istəyir.
Bunu bizim radikallar da- hakimiyyətdə və müxalifətdə olmasından asılı
olmayaraq, yaxşı bilir. Bu səbəbdəndir ki,qaragüruhdan məsafə saxlayanlara
çamur atılır, onlar hakimiyyətlə işbirliyində ittiham olunur”.
Ə.Əliyevin
bildirdiyinə görə, VİP heç vaxt YAP-la hər hansı gizli sövdələşmədə iştirak etməyib
və heç bir xarici qüvvənin planlarında
hansısa formada yer almayıb:
“Nə mən şəxsən, nə də rəhbərlik etdiyim qurum
heç zaman YAP-la əməkdaşlıq edib, gizli sövdələşmələrdə olmayıb,xarici qüvvələrin
maraqlarını ifadə edərək, mövqe sərgiləməmişik. Kim bunun əksini iddia edərsə,
buyursun dəlil ortaya qoysun. Biz heç vaxt seçilmədən deputat olmamışıq, bağlı
qapı arxasında bunlardan pul alıb ev, bağ almamışıq, pullarına istirahət etməmişik,
ölkə daxilində olanlarımızda bunların izi, xaricdə isə əmlakımızın, bəzilərindən
fərqli, tozu belə yoxdur. Milli maraqlarımızı da heç zaman nə Ərəb baharı, nə də
Kreml layihəsi olaraq beynəlxalq hərraclara çıxarmamışıq”.
Ə.Əliyev
xarici qüvvələrlə bağlı layihələrdə yer almağın heç bir halda Azərbaycanın
maraqlarına cavab vermədiyini vurğuladı:
“Bir
anlığa düşünək ki, 11-ci ildə AXCP-Müsavat cütlüyünün rəhbərliyi ilə fəaliyyət
göstərən İctimai Palata Azərbaycanda da Ərəb baharına nail olsa idi, bizlər və
dövlətimiz daha çox Misirə, Liviyaya, Suriyaya, yoxsa Yəmənə bənzəyəcəkdi? Bu dəyişiklikləri
bizə vəd edirdilər? Bəlkə 13-cü ildə "Putini aldatmağa" köklənmiş bu
qəhrəmanlar bizi Kremlin xəfif istilasından qurtaracaqdılar? Ukrayna hadisələri
bir daha sübut etdi ki, VİP-in Prezident seçkiləri ilində tutduğu mövqe düz
idi. Moskva heç zaman keçmiş respublikaların müstəqilliyini həzm etməyib. Hadisələrin
trayektoriyası bizi növbəti istiladan, 21-ci əsrin Nərimanovlarını, Qarayevlərini
isə qara lənətdən qorudu. Lakin hara qədər?
Hakimiyyətlə işbirliyindən çıxmış, onu bərpa cəhdləri
boşa çıxanların başqalarını hakimiyyətə işləməkdə suçlama cəhdləri boşdur, becədir.
Biz kiminsə ziqzaqvari siyasi hərəkət xəttini təkrarlamağa borclu deyilik.
Onlar hesab edirlərsə ki, çıxış yolu siyasi düşmənçilikdədir-bu onların xəttidir.
Bizlər bu yolu təqdir etmirik”.
VİP sədri
vəziyyətdən çıxış yolunu sağlam rəqabət və mübarizədə gördüyünü vurğuladı:
“Bizlərə görə qurtuluş sağlam rəqabətdə və
mübarizədədir. İntellektual mübarizədə. Çünki müxalifət yalnız bu müstəvidə
hakimiyyətə güc gələ bilər. Digər seqmentlərdə biz zəifik. Bizim haqlı
olduğumuzu xalq da bilir. Biz siyasi mübarizədən təhlükə faktorunu
uzaqlaşdırsaq, gücləri səmimi qaydada təmərküzləşdirə bilsək, seçicini
inandırsaq, hakimiyyəti zəiflətmiş, prosesdə isə udmuş olarıq. Bunun
alternativi yoxdur.
Qarşılıqlı ittihamlar kənara qoyulmalı, ötən əsrin
sonlarındakı kimi hərəkatlaşmalıyıq. Bu günkü "Məndən yaxşısı yoxdur"
tezisi hamını uçuruma aparır”.
Seymur
Əliyev