Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin ordumuz tərəfindən məhv edilməsi nəinki dünya, hətta Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmayıb. Belə ki, Ermənistan bundan öncə də Azərbaycanı təxribata cəlb etməyə çalışdığını əsas gətirən bəzi siyasilər hesab edir ki, əslində Mi-24 helikopterinin məhvi düşmən ölkənin marağına daha çox cavab verir. Azərbaycanın düşmən helikopterini məhv etməklə Ermənistanın təxribatına uyduğunu iddia edən bəzi siyasilər, proseslərin bundan sonra daha sərt məcrada cərəyan edəcəyi qənaətindədir.
Maraqlıdır, doğrudanmı
düşmən helikopterinin məhv edilməsi Azərbaycan tərəfindən o qədər də uğur addım
olmayıb? Baş verənlər Ermənistanın Azərbaycanı təxribata çəkməsi və buna nail
olması kimi dəyərləndirilə bilərmi?
Bununla bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycanın addımının doğru və zəruri
olduğunu vurğuladı:
“Doğrusu, hesab eləmirəm ki, bu, təxribata
getməkdir. Biz görürük ki, Azərbaycanın təxribatlara getməməsi Ermənistanın
iştahını bir qədər də artırır. Bu, onun danışıqlar prosesində daha israrlı
olmasına əsas verir və Azərbaycanı bir növ həm Rusiya və Ermənistanın, həm Azərbaycan
əhalisinin, həm də beynəlxalq aləmin gözündə geri çəkilən dövlət kimi göstərir.
Bu baxımdan Azərbaycanın hərəkəti atılması zəruri olan addımdır”.
Politoloqun qənaətincə, əgər
Azərbaycan tərəfi düşmən helikopterini məhv etməsəydi, o zaman bu, erməniləri
daha da cəsarətləndirər və onlar ölkəmizin içərilərinə qədər bu cür reydlər təşkil
edə bilərdi:
“Artıq buna reaksiya verilməsəydi, ermənilər tədricən
gəlib Gəncənin, Qazaxın, Tovuzun, Mingəçevirin də hava məkanına daxil ola bilərdi.
Hesab edirəm ki, bu müəyyən bir mərhələdə atılması zəruri olan addım idi. Bu
addımın zaman baxımından düzmü, geosiyasi və siyasi baxımdan yanlışmı seçilib ”“
bu artıq başqa mövzunun predmetidir”.
Ə.Oruclunun qənaətincə,
Azərbaycanın bu addımı yalnız Ermənistan üçün deyil, bütün dünya üçün gözlənilməz
oldu:
“Bu hadisəyə fərqli
aspektlərdən verilən qiymətlərin çoxluğu göstərir ki, Azərbaycandan bunu heç kəs
gözləmirdi. Gözləmirdilərsə, deməli atılması zəruri olan və zamanında atılan
addım idi. Ən uğurlu addım heç kəsin gözləmədiyi zamanda və gözləmədiyi vaxtda
atılan addımdır”.
Seymur Əliyev