“Əgər o helikopteri vurmasaydıq...”
Gündəm
5559
14 Nov 2014 | 11:02

“Əgər o helikopteri vurmasaydıq...”

Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin ordumuz tərəfindən məhv edilməsi nəinki dünya, hətta Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmayıb. Belə ki, Ermənistan bundan öncə də Azərbaycanı təxribata cəlb etməyə çalışdığını əsas gətirən bəzi siyasilər hesab edir ki, əslində Mi-24 helikopterinin məhvi düşmən ölkənin marağına daha çox cavab verir. Azərbaycanın düşmən helikopterini məhv etməklə Ermənistanın təxribatına uyduğunu iddia edən bəzi siyasilər, proseslərin bundan sonra daha sərt məcrada cərəyan edəcəyi qənaətindədir.

Maraqlıdır, doğrudanmı düşmən helikopterinin məhv edilməsi Azərbaycan tərəfindən o qədər də uğur addım olmayıb? Baş verənlər Ermənistanın Azərbaycanı təxribata çəkməsi və buna nail olması kimi dəyərləndirilə bilərmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycanın addımının doğru və zəruri olduğunu vurğuladı:

 “Doğrusu, hesab eləmirəm ki, bu, təxribata getməkdir. Biz görürük ki, Azərbaycanın təxribatlara getməməsi Ermənistanın iştahını bir qədər də artırır. Bu, onun danışıqlar prosesində daha israrlı olmasına əsas verir və Azərbaycanı bir növ həm Rusiya və Ermənistanın, həm Azərbaycan əhalisinin, həm də beynəlxalq aləmin gözündə geri çəkilən dövlət kimi göstərir. Bu baxımdan Azərbaycanın hərəkəti atılması zəruri olan addımdır”.

Politoloqun qənaətincə, əgər Azərbaycan tərəfi düşmən helikopterini məhv etməsəydi, o zaman bu, erməniləri daha da cəsarətləndirər və onlar ölkəmizin içərilərinə qədər bu cür reydlər təşkil edə bilərdi:

 “Artıq buna reaksiya verilməsəydi, ermənilər tədricən gəlib Gəncənin, Qazaxın, Tovuzun, Mingəçevirin də hava məkanına daxil ola bilərdi. Hesab edirəm ki, bu müəyyən bir mərhələdə atılması zəruri olan addım idi. Bu addımın zaman baxımından düzmü, geosiyasi və siyasi baxımdan yanlışmı seçilib ”“ bu artıq başqa mövzunun predmetidir”.

Ə.Oruclunun qənaətincə, Azərbaycanın bu addımı yalnız Ermənistan üçün deyil, bütün dünya üçün gözlənilməz oldu:

“Bu hadisəyə fərqli aspektlərdən verilən qiymətlərin çoxluğu göstərir ki, Azərbaycandan bunu heç kəs gözləmirdi. Gözləmirdilərsə, deməli atılması zəruri olan və zamanında atılan addım idi. Ən uğurlu addım heç kəsin gözləmədiyi zamanda və gözləmədiyi vaxtda atılan addımdır”.

 

Seymur Əliyev 

Link kopyalandı!
Son xəbərlər