“Onunla aramızda gül ləçəyi qədər də narazılığımız olmayıb”
Gündəm
5404
14 Nov 2014 | 10:10

“Onunla aramızda gül ləçəyi qədər də narazılığımız olmayıb”

Xəbər verildiyi kimi, EL hərəkatının yaradıcılarından olan Eldəniz Quliyev təşkilatdan istefa verib. O, bunu vaxtının az olması, hərəkatın fəaliyyətində iştirak edə bilməməsi ilə əlaqələndirib. 


“Teleqraf” qəzetinin Eldəniz Quliyevin istefasının səbəbləri barədə dərc etdiyi yazı isə ciddi qalmaqala səbəb olub. Qəzetin iddiasına görə, E.Quliyevin təşkilatdan getməsində qurumun İdarə Heyətinin üzvü Köçəri Nağıbəylinin böyük rolu olub. 


Məlumatda qeyd olunur ki, Mehdibəy Səfərov və başqa EL üzvlərinin Avropaya gedərək Azərbaycanı sevməyən separatçılarla görüşməsi K.Nağıbəylinin ciddi etirazına səbəb olub. O, həmin şəxslərin təşkilatdan uzaqlaşdırılmasını tələb edib. Əks təqdirdə özünün istefa verəcəyini bildirib. Bundan sonra M.Səfərov və digərləri təşkilatdan uzaqlaşdırılıb. Daha sonra elə şərait yaradılıb ki, E.Quliyevin özü istefa verməyə məcbur olub.

Səsləndirilən bu iddialarla bağlı adı çəkilən şəxslərin mövqeyini öyrəndik.
Köçəri Nağıbəyli barəsində deyilən fikirləri əsassız hesab etdi: “Dərc olunan yazıdan xəbərim yoxdur. Amma Eldəniz bəyin istefasından məlumatım var. Xəstə olduğumu görə bir müddətdir ki, işlərlə müntəzəm məşğul ola bilmirəm. Eldəniz bəylə illərin dostuyuq. Onunla aramızda heç bir narazılıq olmayıb. Dərc olunan yazı yalandır. Separatçılarla görüş məsələsinə gəlincə, bu fikirlər də yalandır. Eldəniz bəylə daim yaxın münasibətimiz olub. Bundan sonra da bu münasibətimiz davam edəcək”.


Eldəniz Quliyev də qəzetin yaydığı məlumatı təkzib etdi: “Uzaqlaşdırılmağım ifadəsi düzgün səslənmir. Özüm istefa vermişəm. Mən Köçəri bəylə dostam. Onunla aramızda gül ləçəyi qədərdə narazılığımız olmayıb. Eləcə də Eldar Namazovla. Təşkilatdan getmə səbəbini izah etmişəm. Milli Şuradakı işlərim, sənətimlə əlaqədar yazılarım və Ziyalılar Forumundakı fəaliyyətim buna səbəb oldu. Hazırda kitab yazıram. Yəni ki, işlərim çox idi. Elə insanam ki, ciddi məşğul ola bilmədiyim yerdə özümü görmürəm. Belə yalan məlumat dərc edən mətbuat orqanları hakimiyyətin sifarişlərini yerinə yetirirlər”.

Hərəkatın sədr müavini Zəfər Quliyev yayılan xəbərdən məlumatsız olduğunu bildirdi: “Eldəniz bəy istefasının səbəblərini göstərib. Əlavə səbəb axtarmağa ehtiyac yoxdur”.

musavat.com

Link kopyalandı!
Son xəbərlər