Azsayılı iştirakçılardan ibarət mitinqlərə ehtiyac varmı?
Gündəm
5398
13 Nov 2014 | 10:33

Azsayılı iştirakçılardan ibarət mitinqlərə ehtiyac varmı?

Son vaxtlar Milli Şuranın keçirdiyi aksiyaların kifayət qədər ciddi insan izdihamı ilə müşahidə edilməməsi azsaylı iştirakçılardan ibarət mitinqlərin zəruriliyi məsələsinin özünü mübahisə predmetinə çevirib. Nəinki adi vətəndaşlar, hətta nüxalif düşərgə təmsilçiləri arasında da xeyli sayda insan var ki, onlar bu cür aksiyaların müxalifətin nüfuzuna xələl gətirdiyi, iqtidarın bu aksiyalardan müxalifətin özünə qarşı istifadə etdiyi qənaətindədir.

Maraqlıdır, azsaylı iştirakçılardan ibarət mitinqlərə ehtiyac varmı? Doğrudanmı bu aksiyalar müxalifətin güc və xalqla təmasının isbatı baxımından ciddi önəm kəsb edir?

Bununla bağlı Moderator.az-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyilənlərlə razılaşmadığını, fəqət indiki halda piket keçirilməsini daha məqsədəuyğun hesab etdiyini vurğuladı:

"Mən düşünmürəm ki, bu cür aksiyaların keçirilməsi müxalifətin nüfuzuna mənfi təsir edir. Lakin indiki məqamda piket keçirilməsini daha məqsədəuyğun hesab edirəm. Müsavat Partiyasına gəlincə, hələ ki, partiyamızın hansısa aksiya təşkil etmək niyyəti yoxdur. Yəqin ki, qarşıdakı aylarda bu və digər məsələləri bir araya gəlib daha ətraflı şəkildə müzakirə edəcəyik".

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər