Millət vəkilindən Azərbaycan ordusuna alqış
Gündəm
5997
12 Nov 2014 | 18:40

Millət vəkilindən Azərbaycan ordusuna alqış

Bu gün təmas xəttinin Ağdam hissəsində düşmənə məxsus Mi-24 tipli helekopterinin ordumuz tərəfindən məhvi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi və məmnunluqla qarşılanıb. Vətəndaşların bir çoxu bunu konstitusiya günündə Azərbaycan ordusunun Azərbaycan xalqına bayram hədiyyəsi kimi dəyərləndirib. Maraqlıdır, baş verənləri həqiqətən də ordunun xalqa bayran hədiyyəsi kimi qiymətləndirmək olarmı?

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov baş verənləri fərqli aspektdən şərh etdi:

“Öncə konstitusiya günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gün tarixi bir gündür. Lakin hesab edirəm ki, düşmən helikopterinin məhv edilməsini ordumuzun xalqımıza hədiyyəsi kimi qəbul etmək doğru deyil. Düşmən öz təxribatının qurbanı olub. Azərbaycanın BMT və dünya tərəfindən tanınmış məlum sərhədləri var. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu gün torpaqlarımızın 20% düşmən işğalı altındadır. Azərbaycanın bütün xəbərdarlıqlarına rəğmən işğal altındakı torpaqlarımızda işğalçı tərəf qanunsuz uçuşlar keçirirdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi ki, bu, qanunsuzdur və biz uçan obyektləri vurmaq səlahiyyətini özümüzdə saxlayırıq. Ermənilər bunun heç birinə məhəl qoymurdu. Hətta təmas xəttinə yaxın ərazilərdə, gözlə görünən məsafədə təlimlər keçirirdilər. Bu təlimlərdə bir neçə dəfə helekopterlərdən istifadə etmişdilər. Lakin ermənilər elə güman edirdi ki, Azərbaycan tərəfi sonsuz xəbərdarlıqla kifayətlənəcək və qəti addım atmayacaq. Lakin Azərbaycan son anda öz sözünün üstündə durdu və düşmən helikopterini məhv etdi. Bu, Azərbaycanın hüququdur. Ölkəmiz heç bir qanunu pozmayıb və ordumuzu bu uğuruna görə alqışlayırıq!”

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər