“Enerji siyasətindəki uğurlarımız iqtisadi inkişafımızın əsas göstəricilərindəndir”
Gündəm
3445
18 Jan 2023 | 16:58

“Enerji siyasətindəki uğurlarımız iqtisadi inkişafımızın əsas göstəricilərindəndir”

“Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Azərbaycanın xarici siyastində beynəlxalq təşkilatlarla davamlı əməkdaşlıq, dünyanın super güc mərkəzi olan dövlətləri ilə strateji əlaqələr mühüm əhəmiyyət kəsb edir. Onu da deməliyik ki, Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri də  İslam ölkələri ilə dostluq və qardaşlığa əsaslanan münasibətlərin qurulmasıdır. Bu baxımdan dövlətimizin xarici siyasətində Ərəb ölkələri ilə münasibətlərin xüsusi yeri və çəkisi vardır. Azərbaycan müstəqillik qazanandan sonra dünyanın digər dövlətləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirliyi ilə də ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuş və yüksələn xətlə inkişaf etmişdir. Bu baxımdan ötən gün cənab Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsi beynəlxalq platformasında çıxışını ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı hesab etmək olar. Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Bu dəfə keçirilən toplantıda dünyanın 150 ölkəsindən 30 minnədək nümayəndə iştirak etmişdir. Azərbaycanın belə mühüm beynəlxalq tədbirə dəvət olunması cənab Prezident İlham Əliyevin rəhərliyi ilə sürətlə inkişaf edən, beynəlxalq layihələrin müəllifi və icraçısına çevrilən ölkəmizin beynəlxalq arenada artan nüfuzunun açıq təzahürüdür”.

 

Bu fikirləri  Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanın zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində oyandığı mühüm rol artıq bütün dünyada məlumdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir. Onu da qeyd etməliyik ki, Azərbaycan yaşıl enerji və bərpaolunan enerji sahəsində ciddi təchizatçıya çevrilməyi planlaşdırır. Şübhəsiz ki, Azərbaycanın işğaldan azad olunan ərazilər başda olmaqla bu sahədə  həyata keçirdiyi layihələr  dünyanın aparıcı beynəlxalq təsisatlarının və güc mərkəzlərinin ölkəmizə olan marağını daha da artırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Ötən ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir.

 

Millət vəkili Tamam Cəfərova qeyd edib ki,  Azərbaycan enerji təchizatı və təhlükəsizliyi sahəsində mühüm aktorlardan biridir. Məlum olduğu kimi Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bütün bunlar Azərbaycanda iqtisadi  inkişafın əsas göstəricilərindən biridir.

 

Fikirlərinin davamı olaraq millət vəkili bildirib ki, neft və qazın istehsalı, satışı iqtisadi dividendlər gətirməklə yanaşı, ekoloji mühitin çirklənməsinə və ağırlaşmasına səbəb olur. Dünyanda ekoloji tarazlığın pozulmasına səbəb olmaqla bərabər, ciddi ekoloji problemlərə yol açır. Bu baxımdan BƏƏ-də təşkil  olunan Dayanıqlılıq Həftəsi beynəlxalq platforması bərpa olunan enerji mənbələrindən səmərəli istifadəsi ilə yanaşı,  digər tərəfdən də ekologiyanın qorunmasıyla bağlı vacib çağırışları özündə ehtiva edir. Bu baxımdan deməliyik ki, Azərbaycan dövlətinin belə mühüm bir tədbirdə iştirak etməsi və ölkə Başçısının burada çıxışı BMT-nin irəli sürdüyü ideyalara ölkəmizin nə dərəcədə dəstək verdiyinin açıq təzahürüdür. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

Link kopyalandı!
Son xəbərlər