Fransa Kanadada separatizmə dəstək verdi, anqlo-saksonlar Parisi ağlar qoydu...
Gündəm
3468
02 Jan 2023 | 14:54

Fransa Kanadada separatizmə dəstək verdi, anqlo-saksonlar Parisi ağlar qoydu...

Azərbaycan da erməni separatizminə qol-qanad verən Fransanı peşman edəcəkmi?
 
Fransız generalı və siyasətçisi Şarl de Qoll (1890-1970) II Dünya Müharibəsində alman faşistlərinə qarşı fransızların Müqavimət hərəkatına rəhbərlik edib. Fransa tarixinin 1958-ci ildən bu günə qədər olan dövrü Beşinci Fransa Respublikası kimi təsnif edilir. Beşinci Respublikanın da memarı odur. O, 1959-1969-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. Onun adına bağlı "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində dominantlıq edir.
Azərbaycana münasibətdə Şarl de Qoll son dərəcə diqqətli olub. O, II Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gəlib. Bakıda olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəyin "Koroğlu" operasına tamaşa edib.
Əhmədiyyə Cəbrayılov Şarl de Qolla münasibəti barədə belə demişdi: " Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa keçdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur". 
1946-cı ildə Əhmədiyyə Cəbrayılov vətənə qayıtmağa qərar verir. Şarl de Qoll nə qədər onu dilə tutursa da xeyri olmur.
Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim ənənəyə uyğun qanlarını birləşdirərək qan qardaşı olublar. Fransa prezidenti sağlığını belə yekunlaşdırır: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".
Əhmədiyyə Cəbrayılov böyük bir şəxsiyyət olub. O, həm də I Qarabağ müharibəsi şəhidi — Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atasıdır. 
Bu yazı Şarl de Qoll ilə Azərbaycanın münasibətləri ilə əlaqəli deyil. Mövzumuz xeyli fərqlidir. Ancaq həmin mövzu da Azərbaycanla birbaşa bağlıdır. Söhbət ondan gedir ki, Fransa öz daxilindəki 12 separatçı hərəkata qarşı son dərəcə aqressiv mövqedən çıxış edir. Ancaq Qarabağdakı erməni separatizmini müdafiə edir. Fransa yalnız erməni separatizmini müdafiə edirmi? Fransa daha hansı ölkədəki separatizmə dəstək verib? Bu yazıda bu suala ətraflı cavab verməyə çalışacağıq və bu sualın cavabı da Şarl de Qollun adı ilə bağlıdır.
"Yaşasın azad Kvebek!" (Vive le Québec libre!) - Fransa prezidenti Şarl de Qollun 1967-ci il iyulun 24-də axşam meriyanın eyvanından Montrealersə salamlama nitqində səsləndirdiyi bədnam şüar bütün dünyanı lərzəyə gətirdi. Şarl de Qoll 1967 Expo sərgisinin açılışı ilə əlaqədar Kvebekin baş naziri Daniel Consonun dəvəti ilə Kanadaya planlaşdırılmış səfərdə idi. Meydana toplaşan şad-xürrəm insanlardan ruhlanan De Qoll hazırlıqsız çıxış etdi. Fransız-Kanada münasibətləri tarixinə de Qollun 1967-ci ildə Kvebekə səfəri 1759-cu ildə fransızdilli Kvebeki özünə tabe etdirən və onları sıxışdırmaq siyasəti yeridən Kanadanın anqlo-sakson elitasına “Qolçuların hücumu”nun kulminasiya nöqtəsi kimi düşdü.
De Qoll ilk fransız köçkünlərinin əvvəllər etdikləri kimi, Fransa Kanadasının ərazisindəki Kvebek limanına çatmaq üçün okean yolu ilə getməyə qərar verdi və bununla da Fransa ilə Kvebek arasındakı münasibətlərin xüsusi xarakterini vurğuladı. 
Təyyarə ilə o, beynəlxalq səfərlər ənənəsini saxlamaq üçün Ottava Beynəlxalq Hava Limanına enməli idi. 15 iyul 1967-ci ildə Fransa Prezidenti Brestdə Colbert kreyserinə mindi, iyulun 23-də Kvebek limanına gəldi. Kvebek de Qolu inanılmaz coşqu ilə qarşıladı. Kvebek şəhərinə gəldikdən sonra 77 yaşlı de Qoll Kanadadakı ilk çıxışlarının birində “hər bir xalq özünü idarə etməlidir” tezisini səsləndirdi. Monrealda da Fransa prezidenti səmimi qarşılandı. Fransa Prezidentinin Monreal şəhərinin meri Jan Drapo ilə rəsmi görüşündən sonra onun iştirakı ilə heç bir ictimai tədbir keçirilməyib. Mer və Fransa prezidenti yalnız Monreal meriyasının qarşısındakı meydana toplaşanları salamlamaq üçün şəhər meriyasının eyvanına çıxmalı idilər. Monreal hakimiyyəti de Qollun sərt bəyanatlarından ciddi şəkildə qorxurdu. Bələdiyyə sədri hətta əvvəlcədən eyvandan mikrofonları yığışdırmağı əmr etsə də, nədənsə bu həyata keçirilməyibmiş. Meriyanın qarşısındakı bütün məkanın insanlarla dolu olduğunu görən de Qoll mer Drapeoya danışmaq istədiyini bildirdi. Bələdiyyə sədri müvafiq avadanlığın olmamasını söylədi. Bu zaman yaxınlıqda dayanmış texniki mütəxəssis eyvandan yığışdırılmamış mikrofonları göstərdi. De Qoll bildirdi ki, özünü Kvebekdə Fransanın faşızımdən azad edilməsi zamanı olduğu atmosferdə hiss edib. Sonra o, Fransanın Kvebekə etimadı və ölkəsinin Kanada əyalətinə irəliləyişdə və əməkdaşlığın inkişaf etdirilməsində yardım etmək istəyi ilə bağlı tezislərini toplantı iştirakçılarına çatdırdı. De Qoll "Yaşasın azad Kvebek!"  dedi və izdiham natiqi xüsusi ehtiramla alqışladı. Ertəsi gün De Qoll Ümumdünya Sərgisində, iyulun 26-da isə Monreal Universitetində oldu. O, beynəlxalq qalmaqalla əlaqədar Ottavada rəsmi səfər və görüşlərin davam etdirilməsindən imtina edib Parisə qayıtdı. Baş verən qalmaqal generalı heç də utandırmadı. O, haqlı olduğuna tam əmin idi. Kanadaya səfərindən sonra dərc olunmuş bəyanatda deyilirdi ki, general de Qoll bir daha şahidi oldu ki, fransız kanadalılarına kifayət qədər azadlıq, bərabərlik və qardaşlıq verilməyib. Fransa prezidenti Kanada səfərində yerli fransızların öz taleyinin sahibi olmaq niyyətini gördü.
Prezident De Qollun çıxışı beynəlxalq qalmaqala səbəb oldu və bu qalmaqal qismən indi də davam edir. Hökumətin reaksiyası dərhal Ottavadan gəldi. Fransa prezidentinin çıxışı Kanada tərəfindən təxribat kimi qiymətləndirildi. Fransa-Kanada münasibətləri kəskin şəkildə pisləşdi. Beynəlxalq mətbuat, o cümlədən Fransanın “Le Monde” qəzeti prezidentin çıxışını diplomatik protokolun pozulması kimi qiymətləndirdi. İngiltərə-Kanada mətbuatı və siyasətçiləri də öz növbəsində Breton milli hərəkatını boğduğuna görə Fransanın özünü qınamağa başladılar. Bu isə Fransada separatizmin alovlanmasına səbəb ola bilərdi. Necə deyərlər, Fransa büllur sarayda oturub ora-bura daş atmışdı. Halbuki o daşlardan sadəcə biri o büllur sarayı məhv edə bilərdi. Ona görə də De Qoll və onun müşavirləri Kvebekdəki çıxışı müxtəlif yerlərə yozmağa başladılar. Separatizm ittihamından yayınmaq üçün Fransa hərəkətə keçdi. Guya ki, de Qoll Kvebeki, bütövlükdə Kanadanın xarici hərbi bloklardan (NATO-dan çıxması. 1966-cı ilin fevralında Fransa NATO-dan çıxmışdı. NATO qərargahı Parisdən Brüsselə köçürülmüşdü. Fransa ABŞ, NATO və İsrailə qarşı açıq təbliğat aparırdı.) azad olması nəzərdə tutulurdu. Başqa ehtimallar da gündəmə daşındı. Ancaq Fransanın bu kimi yalanlarına inanan olmadı.
Fikir verin, Fransa Kanadada separatizmə dəstək verir. Həmən ABŞ, Kanada və Böyük Britaniya hərəkətə keçir. De Qollu qoz qabığına soxurlar. Fransanı Breton milli hərəkatı ilə hədələyirlər. Qeyd edim ki, 1963-cü ildə Breton Azadlıq Cəbhəsi (Front de liberation de la Bretagne) yarandı. 1972-ci ildə isə Breton İnqilabçı Ordusu (Armée révolutionnaire bretonne) ortaya çıxdı və İspaniya və Fransadakı baskları təmsil edən silahlı ETA (bask dilində Euskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq")  quruplaşması ilə ittifaqa girdi.
Bu gün də Breton son dərəcə həssas regiondur. Fransa ərazisinin 5 faizini təşkil edən Bretonda 3.3 milyon nəfər yaşayır. Bretonların təşkil etdiyi ən böyük mitinqdə 40 min nəfər iştirak edib...
Bu təhlükəni görən Fransa anqolo-saksonların qarşısından biabırçı şəkildə qaçdı. Və Kvebek məsələsini bir daha açıb-ağartmadı.
Əlbəttə, Azərbaycan balaca ölkədir. Və anqlo-saksonlarda olan siyasi, iqtisadi, hərbi... gücə sahib deyil. Ona görə də Fransa öz dövlət maraqlarına arxa çevirib həyasız şəkildə erməni separatizmini müdafiə edir. Ancaq əminliklə demək olar ki, Fransa dəstək verdiyi erməni separatizmindən də imtina etməli olacaq. Çünki separatizm təkcə Azərbaycanın problemi deyil. Yalnız Avropada 260 separatçı hərəkat var. Separatizm təhlükəsi az qala hər bir ölkədə mövcuddur. Yuxarıda da vurğuladığımız kimi, elə Fransanın özündə də 12 separatçı hərəkat var.
Azərbaycanın da Fransanı yerinə oturması ilk baxışda ağlasığmaz görünə bilər. Ancaq bugünlərdə BMT-də Fransanın törətdiyi təxribat onun üçün biabırçı sonluqla nəticələndi. Qarabağ ermənilərinə dəstək vermək naminə “Laçın dəhlizinin bağlanmasından dolayı yaranmış humanitar fəlakətlə” bağlı Fransanın müzakirəyə çıxardığı sənəd BMT-də keçmədi. Bir daha bəlli oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğu kimi BMT-də də Azərbaycanın dostları Fransadan çoxdur.
 
Elbəyi Həsənli, Sürix
Link kopyalandı!
Son xəbərlər