“Suverenliyimizin bərpasını gələcək nəsillərə saxlamamlıyıq”
Gündəm
5165
07 Nov 2022 | 10:25

“Suverenliyimizin bərpasını gələcək nəsillərə saxlamamlıyıq”

Qüdrət Həsənquliyev: “Ola bilsin, başqa vaxt suverenliyimizin bərpası indikindən xeyli çətin olacaq”

 

Millət vəkili Qüdrət Həsənquliyev 8 Noyabr zəfərinin ikinci ildönümü ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

 

-Qüdrət bəy, Ermənistanla 44 günlük savaşın başa çatmasının iki ili tamam olur. Necə düşünürsünüz, Soçi görüşündən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalı artdı, yoxsa azaldı?

 

-Sülh müqaviləsinin imzalanması ehtimalı onsuz da böyük deyildi, Putinin Soçi görüşü ərəfəsində Valday klubundakı çıxışı bu ehtimalı daha da azaltdı. Hazırda Qarabağdakı ermənilər Rusiyanın təhlükəsizlik zəmanəti altında “müstəqil dövlət “ kimi yaşayır, Ermənistan Azərbaycanla sərhəddə ATƏT-in və Avropa Birliyinin müşahidə missiyasını yerləşdirib. Ermənistana Azərbaycanla beynəlxalq hüquq əsasında sülh sazişi imzalaması üçün heç bir  təzyiq yoxdur. Əksinə, Qərb ölkələri bizi sanksiyalarla hədələyir, işğalçı Ermənistana isə siyasi dəstək ifadə edirlər. Rusiya  mətbuatı isə  açıqdan-açığa  Ermənistanı Azərbaycanla sülh sazişi imzalayarsa, Ukraynanın gününə salacaqları ilə hədələyir. Heç kim Ermənistanın Azərbaycanın 900-dən artıq yaşayış məskənini xarabazarlığa çevirib bir milyon insanı 30 il ev-eşiyindən didərgin salmasına görə  məsuliyyətə cəlb olunmasını tələb etmir. Azərbaycana isə həyasızcasına deyirlər ki, sənin torpağını işğal edib insanlarına olmazın müsibətlər yaşatmış  qonşu dövlətlə qarşılıqlı güzəştlər əsasında sülh sazişi imzala. Belə bir  şəraitdə Ermənistan nə Zəngəzur dəhlizinin açılmasına, nə də sülh sazişinin imzalanmasına getməyəcək, Qarabağdan da hərbi birləşmələrini çıxarmayacaq. Sadəcə, 30 il dediklərini təkrarlayacaqlar, -“Azərbaycanın  ərazi bütövlüyünü tanıyırıq, amma Qarabağ ermənilərinin status məsələsi həll olunmalıdır”.

 

-Dediklərinizdən belə anlaşılır ki, yenə də uzunmüddətli mənasız danışıqlar və mövcud vəziyyətin dondurulması gözlənilir. Azərbaycanın vəziyyəti dəyişməyə gücü çatacaqmı və  biz nələrsə edə bilərikmi?

 

-Real gücümüzü Azərbaycanın dövlət başçısı bilir. O, daha yaxşı bilir ki, dostlarımız bizi hara qədər müdafiə edə bilər. Yaxud Laçında dövlət sərhəddimizə nəzarəti bərpa etmək istəsək Rusiya bizə müharibə elan  etməyəcək  ki? Regionda marağı olan başqa güclərin  buna münasibəti necə olacaq və s. Kimsə düşünə blər ki, beynəlxalq hüquqa əsasən biz heç kimlə məsləhətləşmədən bunu edə bilərik. Amma həmin adamlar bilməmiş deyil ki, beynəlxalq hüquqa əhəmiyyət verən yoxdu. Mənə elə gəlir ki,hal-hazırda “Zəngəzur dəhliz”i məsələsini bir kənara qoymalıyıq. Ermənistan 10 noyabr 2020-ci il Bəyannaməsinə əməl etmədiyindən, bacararıqsa Laçında dövlət sərhəddimizə nəzarəti bərpa etməliyik. Bilməliyik ki, Qarabağa kim gedib - gəlir, ora hansı mallar daşınır. Məsələn, sərhəddə Ruben Vardanyan kimi təxribatçı casusların qulağından tutub deməliyik ki, sən Azərbaycanda nə qələt edirsən? Qarabağda yaşayan ermənilərin, bizim vətəndaşlar kimi rahatlıqlarını təmin etmək üçün, Xankəndindən Laçın üzərindən keçməklə Ermənistanla sərhəddə qədər çəkdiyimiz qısa yolla Ermənistana gedib-gəlmələrinə icazə verə bilərik. Ermənistan vətəndaşlarına isə, onlar bizə Naxçıvana təklif etdikləri yol  kimi, Qarabağa gəlib-getmələri üçün  Zəngilandan Araz çayının sahilindən Azərbaycana daxil olmaqla, yaxud  Qazax  rayonundan  keçməklə yol təklif etməliyik. Bundan başqa Qarabağ bizim torpaqlar olduğu üçün Ermənistandan gələn qaz və elektrik xətləri kəsilməli, Qarabağ Azərbaycanın enerji sisteminə qoşulmalıdır. Buna görə ermənipərəst dairələrin təzyiqi ilə beynəlxalq birliyin üstümüzə gəlməsi nisbətən  çətin  olcaq. Qarabağ üzərində dövlətimizin suverenliyini bərpa etmək istəyiriksə, ən azından 50 % şansımız varsa, cəsarətli qərarlar qəbul etməliyik. Kənardan görsənən odur ki, əlverişli tarixi şərait yaranıb. Hərçənd biz bir çox məsələləri bilmədiyimizdən bu görüntü aldadıcı da ola bilər. Biz mövcud status-kvonun qorunub saxlanması  ilə barışmamalı, ermənilərinin Qarabağda formalaşdırdığı və bizim iradəmizdən asılı olmayaraq yaşayan qondarma “dövlət”i  tanımamağımızla təskinlik tapmamalıyıq. Ola bilsin, başqa vaxt suverenliyimizin bərpası indikindən xeyli çətin olacaq. Bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Əminəm ki, azacıq da olsa imkan  varsa İlham Əliyev bu şansı  qaçırmayacaq. Əgər suverenliyimizin bərpası istiqamətində əməli addımlar atmayacağıqs,a xalqımız qəbul etməlidir ki, deməli, buna gücümüz yetmir. Xalqımızın bu məsələdə qardaş Türkiyənin mövqeyini bilməsi də çox önəmlidir. İnsanlarımızda belə bir fikir formalaşmamalıdır ki,Türkiyə bizə böyük güclərin icazə verdiyi halda və həcmdə kömək edə bilər.

Link kopyalandı!
Son xəbərlər