“Füzuli əməliyyatı Vətən müharibəsinin ən əhəmiyyətli döyüşlərindən biri olub”
Gündəm
3491
15 Oct 2022 | 10:15

“Füzuli əməliyyatı Vətən müharibəsinin ən əhəmiyyətli döyüşlərindən biri olub”

“Cəmi iki gündən sonra - 17 oktyabr tarixində Füzuli rayonunun işğaldan azad olunmasının ikinci  ildönümü qeyd ediləcək. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında Füzuli rayonunun təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalmasına diqqət çəkərək bildirib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Eyni zamanda Tamam Cəfərova qeyd edib ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Buna baxmayaraq, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu düşmın işğalından azad olundu. Tarixi torpaqlarımızın və eləcə də çoxsaylı mədəniyyət abidələrimizin düşmən işğalından azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və fərəh hissi oyatdı.

Ölkə Başçısının Füzuli rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edib ki, işğaldan azad olunan Füzuli rayonuna cənab Prezident  müxtəlif vaxtlarda 9 dəfə səfər etmişdir. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Füzuli raynunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu işğaldan azad olunan Füzuli rayonuna cənab Prezidentin müxtəlif vaxtlarda 9 dəfə səfər etməsi əyani şəkildə göstərir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. Xüsusilə qeyd etməliyik ki, cəmi 8 ayda inşa olunmuş “Qarabağın hava qapısı” olan Füzuli Beynəlxalq Hava Limanı həyata keçirilən bərpa-quruculuq işlərinin masştabını əyani şəkildə göstərir.

Füzuli rayonunun işğaldan azad olunması ilə növbəti dəfə Vətən həsrətinə son qoyulduğunu deyən millət vəkili qeyd edib ki, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. Millət vəkili Tamam Cəfərova belə deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər