Lider Azərbaycan regionda yeni geosiyasi nizam yaradır
Gündəm
3546
07 Oct 2022 | 13:44

Lider Azərbaycan regionda yeni geosiyasi nizam yaradır

Cənubi Qafqazda sülh və etimad quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq ictimaiyyətin diqqətindədir. Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində postmüharibə dövrünün reallıqlarının və sülh gündəliyinin müzakirə olunması da bu reallığı təsdiqləyir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Praqada keçirdiyi görüşlər bir neçə mühüm məqamı əks etdirir:

- Cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir;

- Dövlətimizin başçısı daha bir ali tribunadan – mühüm platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu;

- Prezident İlham Əliyevin Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü isə sülh prosesinin irəliyə aparılması baxımından mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, cənab İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində vurğuladı ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. “Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”,- deyən Azərbaycan Prezidentinin sözlərinə görə, sülh prosesinə artıq təkan verildi. Ümumiyyətlə, Azərbaycanın təşəbbüsləri dəstəklənir, sülh sazişi ilə əlaqədar təklifləri birmənalı şəkildə qəbul edilir. Dövlət başçısının da bildirdiyi kimi, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər;

- Dördtərəfli görüşün sonunda qəbul edilən bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”. Göründüyü kimi, ölkəmizin strateji fəaliyyəti nəticə verib, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.     

Beləliklə, bəhs olunan görüşlər, irəliyə doğru atılan addımlar Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Ölkəmiz strateji hədəflərinə doğru addımlayır və regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər