Gündəm
4854
01 Oct 2022 | 10:09

"Herdər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir"

“Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli”  elan olunmuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Ölkə rəhbəri İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi hər kəsin ürəyindən xəbər verdi. Əslində, rəsmi sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də vətəndaşlarımız üçün hər gün, hər il Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin anadan olmasının 100 illiyi gələn il xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək.

 

Tamam Cəfərova qeyd etmişdir ki, XX əsrdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin yüksək səviyyəli idarəçiliyinin və liderliyinin şahidi olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan  xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək və vətəndaş qarşıdurmasının qarşısını almaqla, Azərbaycan xalqı və dövləti üçün yeni dövrün başlanğıcını qoymuş oldu. Beləliklə, Ulu Öndər Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusuna çevrilmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuş, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki,  O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.

 

Fikirlərini davam etdirən millət vəkili deyib ki, bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbə bir daha onu göstərdi ki, ata vəsiyyətini yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Ulu öndərin siyasi kursuna və dövlətçilik ideologiyasına sədaqətlə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, bütöv və güclü Azərbaycan dövləti ərsəyə gəlmişdir.  Bu Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

 

“Heydər Əliyevin çoxşaxəli  irsi xalqımızın milli sərvətidir. 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması Ulu öndərin çoxşaxəli irsinin öyrənilməsi baxımından olduqca önəmlidir. 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi  bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin  daha dərindən araşdırılmasına, bugünədək  çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin  əlavə olunmasına geniş imkanlar yaradacaq.  Bu il ərzində nəzərdə tutulan tədbirlərdə, elmi konfranslarda, simpoziumlarda gənclər Ulu Öndərin şəxsiyyətini öyrənmək, onun yorilmaz fəaliyyəti ilə daha yaxından tanış olmaq imkamı qazanacaqlar. Ümummilli lider  Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir. 

 

Heydər Əliyev  irsi Azərbaycan xalqının milli sərvəti,  xəzinəsidir. Hələ bundan sonra  neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək.”, millət vəkili Tamam Cəfərova belə deyib.

 

Link kopyalandı!
Son xəbərlər